15 oktyabr Azərbaycan tarixində əlamətdar gündür. 2003-cü ilin bu günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 20 il sonra – 2023-cü il 15 oktyabrda isə o, Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Bununla da, Prezident 20 il öncə xalqa verdiyi vədini – ölkənin ərazi bütövlüyünün təmin edilməsini başa çatdırdı. Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Biz xalq, dövlət olaraq bir nömrəli problemimizi həll etdik. Erməni separatizminin kökünü kəsdik, Qarabağı terrorçulardan təmizlədik. Şuşada, Xocalıda, Xankəndidə - bütün Qarabağda bayrağımızı qaldırdıq, hakimiyyətimizi, nüfuzumuzu bərpa etdik. Hazırda Qarabağda geniş quruculuq, tikinti işləri həyata keçirilir. Qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışı təmin edilir. Hər gün Bakıda və digər bölgələrdə olan məcburi köçkünlərimiz Füzuliyə, Laçına, Zəngilana yola salınır, evlərinin açarları onlara təhvil verilir. Sevinc göz yaşları içərisində izlədiyimiz bu görüntülər bizdə gələcəyə böyük ümid, inam yaradır.
İndi bizim qarşımızda digər vəzifələr, missiyalar dayanır. Azərbaycanı daha da inkişaf etdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini daha da yüksəltmək, bütün bölgələrdə quruculuq işləri aparmaq, yeni iş yerləri açmaq üçün gözəl imkanlar yaranıb. Hər kəsə bəllidir ki, Qarabağ münaqişəsi, ərazilərimizin işğal altında olması, qaçqın və məcburi köçkün problemi bizim ümumi inkişafımızı müəyyən qədər ləngidir, tormozlayırdı. Cənab Prezidentin peşəkar idarəçiliyi, uzaqgörənliyi sayəsində o problemlər həllini tapdı və bizə inkişaf, tərəqqi üçün yeni üfiqlər açdı.
Artıq Azərbaycanla dünyada hesablaşırlar. Azərbaycan güclü dövlətə çevrilib, qüdrətli Ordumuz var. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Son 20 il ərzində əldə edilmiş uğurlar o qədər çoxdur ki, onları bir yazıya, bir qəzetə, bir kitaba sığışdırmaq olmaz. Xankəndində dalğalanan üçrəngli bayrağımız bütün azərbaycanlıların, Azərbaycanı sevənlərin hamısının qürur mənbəyi oldu. Vətən müharibəsində hər döyüş bizi illərlə arzuladığımız günə yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı Azərbaycan Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldıracağını bildirmişdi.
Müzəffər Ali Baş Komandanımız 2023-cü ilin oktyabrın 15-də Xankəndində çıxışında dedi: “Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi…”.
Bu kəlmələr bütün azərbaycanlıların düşüncələrini Vətən müharibəsinə bir daha köklədi. Bu da məmləkətin qüruru oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında sonra dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik bu qürur dünyəvi qürurdur, bəşəri qürurdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz oktyabrın 15-də Xankəndində dövlət bayrağımızı dalğalandırmaqla Azərbaycan xalqının qalib ruhunun dönməzliyini, qadirliyini dünyaya bir daha bəyan etdi.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri