Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti sayəsində otuz ilə yaxın düşmən işğalı altında qalan Vətən torpaqlarımız öz azadlığına qovuşdu. Tarixi Zəfərimizi tamamlamaq üçün qarşımızda dayanan əsas vəzifə ermənilər tərəfindən tamamilə dağıdılmış müqəddəs Vətən torpağını - şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi bərpa edib, o torpaqlardan olan soydaşlarımızı yurdlarına qaytarmaqdır. Artıq işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını xatırladır. Ötən müddət ərzində xeyli işlər görülmüş və xeyli keçmiş məcburi köçkün ailəsi öz ata – baba yurduna qayıtmışdır. Lakin daha böyük işlərin icrası hələ qarşıda bizi gözləyir. Bütün Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızın bərpasında öz liderinin, Cənab Prezident İlham Əliyevin yanındadır. Dövlət başçımızın işğaldan azad edilmiş bölgələrimizə səfərləri artıq ənənə halını almışdır. 4 okyabr 2024-cü il tarixində möhtərəm Cənab İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl şəhərində çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı.
Qərbin ikili standartları və ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi haqsızlıq beynəlxalq münasibətlər sistemində ədalət prinsipinin dəfələrlə pozulduğunu deməyə əsas verir. Ölkə başçımızın Cəbrayılda çıxışı zamanı səsləndirdiyi fikirlər bu siyasi mənzərənin real və acınacaqlı təzahürüdür. Ermənistanın işğalçılıq siyasətinə 30 il ərzində göz yuman, ona dəstək verən və onun törətdiyi insanlıq əleyhinə cinayətlərə qarşı heç bir tədbir görməyən Qərb dövlətləri, özləri də etiraf edirlər ki, beynəlxalq hüququn norma və prinsiplərini bəzən öz maraqlarına uyğun tətbiq edirlər. Lakin Qərb ölkələrinin riyakar siyasəti Azərbaycan dövlətini öz haqlı mövqeyindən çəkindirə bilməz. Onlar artıq bu siyasətlərindən əl çəkməli və Cənubi Qafqazı rahat buraxmalıdırlar.
Cənab İlham Əliyev Cəbrayıldan önəmli mesajlar verərək bildirdi ki, Ermənistan təhlükəli oyunlara qoşulub. İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın və bizimlə heç kim zarafat etməsin, səbrimizlə də oynamasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası sayəsində artıq Azərbaycan xalqı Qarabağa, Şərqi Zəngəzura qayıdır və azad edilmiş torpaqlarda yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi ilə “Böyük Qayıdış” reallaşır. Bu Azərbaycan xalqının həmin doğma torpaqlara əbədi qayıdışıdır.
Nigar Qocayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi