07 oktyabr 2024 22:25
340

Əli Kərimlinin anti-Azərbaycan dairələrlə ortaq gizlinləri...

Böyük rus ədibi Fyodor Dosteyevski yazırdı ki, burnunun ucundan uzağı görə bilməyən realizm ən ağılsız fantastikadan da təhlükəlidir. Bu müdrik kəlamlar sanki AXCP sədrinin boyuna biçilib 

Bir neçə gündür ki, ölkəmizdəki radikal müxalifətin qulbeçələri-Avropada və ABŞ-da “siyasi mühacir” adı ilə sığınacaq tapan, Azərbaycan əleyhdarı olan qüvvələrin, eləcə də bəzi xarici dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının toruna düşənlər ölkəmizə qarşı əsassız iddiaları və qərəzli ittihamları ilə özlərini gündən-günə ifşa edirlər.

Okeanın o tayından  ermənipərəst dairələrin, erməni lobbisinin təsiri altında olan fondların sifarişi ilə respublikamıza qarşı şər atan, böhtan yağdıran, kimliyi hamımıza yaxşı bəlli olan Sevinc Osmanqızının məskunlaşdığı ölkənin məşhur filosof və pedaqoqu Con Dyuin belə yazırdı: “Mənəviyyat aptekdə və ya kulinariyada istifadə olunan reseptlər kimi yazılı şəkildə təqdim edilmir”.

Məşhur filosofun fikirlərini təsadüfi xatırlamadıq. COP29 ərəfəsində Azərbaycana qarşı  ermənipərəst dairələrlə “sapı özümüzdən olan baltalar”ın qarayaxma kampaniyasının tezislərinə diqqət yetirəndə bütün bunların eyni mərkəzdən idarə olunan koordinasiyalı fəaliyyət olduğu açıq-aşkar görünür. AXCP sədri Əli Kərimlinin, onun qolbəyiləri olan Fuad Qəhrəmanlının, Ayaz Məhərrəmlinin, eləcə də “Milli Şura” adlı amorf qurumun rəhbəri Cəmil Həsənlinin və onların xarici ölkələrdəki “siyasi mühacir” kod adlı emissarlarının son vaxtlar  media və sosial şəbəkələrdə antimilli fəallıqlarının artması dediklərimizi bir daha sübut edir.

Məlum marginal dəstənin erməni lobbisinin nəzarətində olan media vasitələrində ölkəmizin əleyhinə yönəlmiş informasiya hücumunu məhz  “qoca qitə”dəki, eləcə də okeanın o tayındakı ermənipərəst siyasətçilərin sifarişi və pulu ilə gücləndiriblər. Ə.Kərimlinin özünün sosial şəbəkə statusunda ABŞ-ın bəzi ermənipərəst konqresmen və senatorlarının ölkəmizi əsassız ittiham etmələrinə haqq qazandırması Azərbaycanın beynəlxalq aləmdə imicinin ləkələnməsinə hesablanmış ən çirkin metodun əyani göstəricisidir. Həmin konqresmenlər hazırda ölkəmizdə həbsdə olan Qarabağdakı separatçı terrorçuların əliqanlı, cinayətkar dəstəbaşılarının azad edilməsini istəyirlər. Ə.Kərimli də o konqresmenləri müdafiə edir. AXCP sədri həmin çızmaqarasında erməni lobbisinin maliyyə dəsətyini alan ABŞ-də prezidentliyə namizəd Kamala Harrisi müdafiə edir. Həmin Kamala Harris bir müddət əvvəl belə deyirdi: “Dağlıq Qarabağ erməniləri” Qarabağa qayıtmalıdır, Azərbaycan bu qayıdışa təminat verməlidir. Buyurun bu da Ə.Kərimlinin xisləti. Daha nə deyəsən?..

Təsadüfi deyil ki, küçə təfəkkürü təfəkkürü ilə düşünən xəyanətkar siyasətbaz  öz “təhlilləri” ilə daim  ikrah hədəfinə çevrilir. Onu da yaxşı bilirik ki, burnunun ucundan uzağı görə bilməyən, şəxsi ambisiyalarının köləsinə çevrilən bu zat həmişə xaricdəki himayədarlarının dirijor çubuğu ilə hərəkət edib. Böyük rus ədibi Fyodor Dosteyevski hələ XIX əsrdə yazırdı ki, burnunun ucundan uzağı görə bilməyən realizm ən ağılsız fantastikadan da təhlükəlidir. Bu müdrik kəlamlar sanki Ə.Kərimlinin boyuna biçilib. 

Əvvəllər də yazmışdıq ki, mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla, özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Nə yaxşı ki, Vətən sevgisindən, Qarabağ Zəfərindən mənəvi güc alan, yüksək müşahidə qabiliyyətinə malik olan vətəndaşlarımız bu satılmış vətənşüvənlərin, saxta “demokratların” antimmilli fəaliyyətlərini hər addımda ifşa edirlər. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu qaragüruhçuların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat xalq-iqtidar birliyinin, qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin sarsılmaz qayasına çırpılaraq darmadağın olur. Cəmiyyətimiz belə düşmən qüvvələrin, antimilli ünsürlərin, Vətən əxlaqını itirənlərin  çirkli niyyətlərinə yaxşı bələd olduğundan onların bütün məkrli planlarının pozulmasına  həmişə böyük dəstək verir.

Belə də olmalıdır. Müstəqil Azərbaycanımızı, dövlətçiliyimizi, onun rəmzlərini qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bunun üçün heç də jurnalist, politoloq olmağa ehtiyac yoxdur. XIX əsrdə Rusiyada məşhur “Sovremennik” jurnalının redaktoru, şair Nikolay Nekrasov deyirdi: “Sən şair olmaya bilərsən, fəqət, vətəndaş olmağa borclusan!” 

Zahid Rza, “İki sahil”