08 oktyabr 2024 00:26
355

Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir

Dövlət başçısı İlham Əliyev bu reallığı da əsaslı şəkildə diqqətə çatdırır ki, nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək

«Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər? Ona görə hər şeyin, necə deyərlər, açıq-aydın görünməsi bu gün daha aydındır. Çünki yenə də deyirəm, işğal dövründə bizə qarşı bu qədər açıq, təxribat xarakterli addımlar olmamışdı. Çünki o işğal bizə qarşı olan qüvvələri tam qane edirdi - Azərbaycan dövləti daim təzyiq altında olsun, daim hansısa vasitəçilərə möhtac olsun, daim xalqımız mənəvi əzab çəksin, qaçqınlıq əzabı.» Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bu çağırışı da etdi ki, torpaqlarını itirmiş xalqın duyğularını başa düşmək üçün böyük ağıla malik olmaq lazım deyil. Yəni, biz bu bəladan canımızı qurtardıq və bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskaları dərhal yırtıldı və bu gün də biz bunu görürük. Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq.

 Dövlət başçısı İlham Əliyev həm 30 illik işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də postmünaqişə dövründən bəhs edərkən Azərbaycana ikitərəfli, yaxud beynəlxalq təşkilatlar daxilində yanaşmaya xüsusi diqqət yönəldir. Vətən müharibəsini həqiqət anı kimi dəyərləndirən cənab İlham Əliyev həmin dövrün reallıqlarından biri kimi bu məqamı xüsusi qeyd edir ki, müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər: «Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr.» ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu mövqeyi onların 28 illik fəaliyyətsizliklərinin mahiyyətini açıqladı. Ölkə Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Azərbaycana olan dəstəyini belə əsaslandırdı ki, qurumun sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVID ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər. Bu məqam da xüsusi qeyd edilir ki, hər hansı bir qətnamə qəbul olunsaydı belə, yenə də bizi dayandıra bilməzdi. Cənab İlham Əliyev müharibə dövründə dəfələrlə xalqa müraciətlərində işğalçı Ermənistana bu mesajı ünvanlayırdı ki, rədd olsun düşmən bizim torpağımızdan, müharibəni dayandırıram. Özlüyündə yaranan «Əgər biz hansısa bir ölkədən və yaxud da ki, hansısa beynəlxalq maliyyə qurumundan asılı olsaydıq, müharibəni apara bilərdikmi» sualına cavab olduqca sadədir- Əlbəttə ki, yox. Ölkəmizə təzyiq, təhdid edəcəkdilər, ayrılan vəsaitləri, imkanlarımızı kəsəcəkdilər.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, erməni diasporunun təsiri nəticəsində ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı ədalətsiz «907-ci düzəliş»in tətbiq edilməsində də məqsəd ölkəmizi iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan 10 il bu qərarın tətbiqi şəraitində yaşasa da, iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə, daha da möhkəmləndi, uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın diqqətində oldu. Səbəbsiz yerə beynəlxalq münasibətlərdə güc və hüquq amilləri xüsusi qeyd edilmir. Dövlət nə qədər güclü olsa, ona təsir imkanları bir o qədər zəif olur.

Azərbaycan 30 ilə yaxın müddətdə münaqişənin həlli istiqamətində danışıqlar prosesinin davam etdirilməsində maraqlı olsa da digər tərəfdən gücləndi, hər sahədə davamlı uğurlara imza atdı.
«Azərbaycan necə qələbə qazandı» sualı ətrafında keçilən yola nəzər salıb, məhz 30 ildən sonra belə bir Zəfərə imza atmağımızı şərtləndirən amilləri ümumiləşdirək.

Dövlətimizin başçısı İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Hadisələrə ən böyük dəyəri zaman özü verir. Azərbaycan Ordusu 44 gündə 30 ilə yaxın dövrün hesabını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə soruşdu, Ermənistanı diz çökdürdü. Ermənistanın baş naziri Nikol Paşinyan 40 gündə üz tutub yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı. Havadarlarına Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün yalvarışlar etdi. Amma Azərbaycan dövlətinin qətiyyəti sayəsində dünya ədalət deyilən məfhumun, beynəlxalq hüququn norma və prinsiplərinin varlığını dərk etdi.

Azərbaycanın diplomatik mübarizədə qələbəsində, eyni zamanda, ordumuzun döyüş meydanında göstərdiyi fədakarlıqda Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əldə olunan uğurların böyük rolu vardır. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini irəli sürən Ümummilli Lider iqtisadiyyatın inkişafında neft amilinin rolunu önə çəkərək malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişini imzaladı. Həmin vaxtdan ötən 30 ildə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycanın iqtisadi imkanları artdı, maliyyə imkanları genişləndi. Azərbaycanın iqtisadi və siyasi mövqeyi möhkəmləndi. Dövlətimizin başçısı İlham Əliyev daim bu reallığı xüsusi qeyd edir ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Bu qələbəmizdə də iqtisadi müstəqilliyin rolu inkaredilməzdir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynadı. Bu layihələr dünyanın enerji xəritəsini dəyişdi. Əməkdaşlıq əlaqələri regional cərçivədən çıxaraq beynəlxalq miqyas aldı. Artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsi 2020-ci ilin sonunda tam tərkibdə reallığa çevrildi.

Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişafın, tərəqqinin təzahürlərini görərik. Hazırkı dövrün informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq təbliğat işinin gücləndirilməsinə böyük ehtiyacın olduğunu görərik. Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində erməni diasporunun apardığı yalan təbliğat nəticəsində Azərbaycan informasiya blokadasına alınmış, təcrid vəziyyətinə salınmışdı. İşğalçılıq siyasəti ucbatından hazırda bütün enerji layihələrindən kənarda qalan Ermənistan iqtisadi böhran içərisində çapalayır. Müharibə bu kasıb, yoxsul ölkənin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırdı. Təbii ki, belə də olmalı idi. Müstəqilliyi formal xarakter daşıyan, bu günə qədər dünyanın iri dövlətlərinin maraqlarının ifadəçisinə çevrilən Ermənistan ianələr hesabına yaşayan bir ölkədir. Bu gün işğalçı dövlətdə yaşananlar xalqın dünyanın «demokratiya nümunəsi» kimi təqdim etdiyi Nikol Paşinyan hakimiyyətinin iflasa uğradığını təsdiqləyir. Ölkəsinin, xalqının bugününü, gələcəyini düşünən dövlət rəhbəri belə sərsəm, belə yalnış düşüncələrlə yaşamazdı.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Cənab İlham Əliyev daim bu çağırışı da edir ki, gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamlar yəqin ki, açıqlanacaq: «Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz!»

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından bugünədək Azərbaycanın müstəqil siyasət yürüdərək dünyanın müxtəlif ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurması onun beynəlxalq nüfuzunun artmasına güclü təkan verdi. Azərbaycan ayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında quraraq bu gün sözünün imzası qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. 1993-2003-cü illərdə qoyulan möhkəm təməl Azərbaycanın son 21 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən möhtəşəm uğurlara imza atmasına stimul oldu.

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ordu quruculuğu sahəsində görülən işlər, atılan addımlar öz müsbət nəticəsini verdi. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yoluna üstünlük veriləcək. Təbii ki, bu əminlik ordumuzun gücünə, qüdrətinə söykənirdi. Azərbaycan Ordusunun tarix yazdığı 44 günün Zəfər yürüşündən əvvəl dünya 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında Azərbaycan Ordusunun göstərdiyi şücaətdən xəbərdar idi. Məhz döyüş ruhunun yüksəkliyi, daim Ali Baş Komandanın «Hücum!» əmrinə hazır olmaq ordumuzun 44 gündə yazdığı şanlı tarixin əsasında dayandı.

Təbii ki, Qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin bildirdiyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ölkə rəhbərliyi böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev Qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa müraciətlərində xüsusi vurğulayaraq bildirmişdir ki, əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Azərbaycanın möhtəşəm Qələbəsinin əsasında ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz rolu dayanır. Məhz onun yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi, ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı. Dövlətimizin başçısı müharibənin gedişində 30-dan çox xarici kütləvi informasiya vasitəsi nümayəndələrinin suallarını cavablandırdı, hətta bəzilərinin təxribat xarakterli sorğularını özünəməxsus məharətlə onların özünə qarşı suala çevirdi, bir çox hallarda güzgüyə baxmalarını tövsiyə etdi. Bu müsahibələr yalnız həmin ölkələrin deyil, bütün dünyanın diqqətini məhz dövlətimizin başçısının verdiyi məntiqli cavabları ilə özünə cəlb etmişdi. Cənab İlham Əliyev bir çox təxribatçı sualları cavablandırarkən həmin jurnalistlərə onların ölkəsinin tarixini, həmin ölkələrdə həyata keçirilən daxili siyasəti hətta onların özündən yaxşı bildiyini də göstərdi. Dövlətimizin başçısının bu müsahibələri həm də Azərbaycanı yaxından tanımayanlarda ölkəmiz haqqında obyektiv fikir formalaşdırdı, onların ölkəmizə münasibətini köklü şəkildə dəyişdi. Beynəlxalq ictimaiyyət tərəfindən bu çıxışlar hələ çox izləniləcək, dostlarımıza fəxarət, düşmənlərimizə layiqli dərs olacaq.

Tarixi Zəfərimiz hər zaman bir yerdə olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının dünyaya təqdimatı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə başlanan andan «Azərbaycan tək deyil» çağırışı bütün dünyaya səs saldı. Sonadək Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayan mühüm hadisələrdə də Azərbaycanın yanındadır. «Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi» söyləyən Prezident İlham Əliyev bildirir ki, İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu: “Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.»

Bu fikir dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır ki, Azərbaycanla Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Ölkələrimiz çox böyük sınaqlardan keçib. 2021-ci il iyunun 15-də Milli Qurtuluş Günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa iki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik etdi. Azərbaycanla Türkiyə həm dost, həm qardaş, həm də rəsmən müttəfiqdirlər. Cənab İlham Əliyev bu məqamı da diqqətə çatdırır ki, bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

Qeyd edildiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsi işğala, 30 ilin torpaq həsrətinə son qoymaqla yanaşı, əsl həqiqət anı oldu. Kimin ədalətin, kimin şərin yanında olduğu bir daha açıqlandı. Dost, qardaş ölkənin rəsmilərinin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Zəfəri, ümumiyyətlə, türkün adının dastana çevrilməsi kimi qiymətləndirməsi ölkə Prezidentinin gərgin və yorulmaz mübarizəsinə verilən yüksək dəyərin ifadəsidir. Dövlət başçısının istər Vətən müharibəsi dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinə, istərsə də postmünaqişə dövründəki müsahibələrinə, mətbuat konfranslarına diqqət yetirsək böyük əksəriyyətin dost ölkənin media orqanları olduğunu görərik. Türkiyə mediasının həm müharibə, həm də postmüharibə dövründə Azərbaycan kütləvi informasiya vasitələri ilə birgə fəaliyyəti informasiya müharibəsində üstünlüyümüzə, qələbəmizə haqq qazandıran səsimizin əks-sədasıdır. İki qardaş ölkənin media sahəsində əməkdaşlığının daha da möhkəmlənməsinə yönələn addımların atılması da qürurvericidir. Ortaq Media Platformasının yaradılması da bunun bariz nümunəsidir.

Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi tarixə qovuşdu. Azərbaycan Ordusu şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, onu diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu məqam da Azərbaycan-Türkiyə birliyinin təqdimatıdır. Zəfər paradında iştirak etmək, Azərbaycanın yanında olub, bu sevinci birgə yaşamaq üçün Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının daha bir əyani təzahürü oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə mane olmasın. Azərbaycan haqq davası aparır. Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

Azərbaycan-Türkiyə dostluğundan bəhs edərkən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərmizə, Azərbaycanın döyünən ürəyi Şuşaya ilk səfər edən, həmçinin Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşu həyata keçirən dövlət başçısı olduğu xüsusi qeyd edilir. Bu, bir daha göstərir ki, “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə bir-birinin yanında olmaqla yanaşı, böyük öndər Mustafa Kamal Atatürkün qeyd etdiyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Ötən ilin fevral ayında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycan-Türkiyə qardaşlığına bir daha işıq saldı. Ölkəmiz nəinki dövlət səviyyəsində, hətta sadə vətəndaş da qardaş Türkiyənin yanında olduğunu addımları ilə təsdiqlədi. Bu məqamı da qeyd edək ki, Türk Dövlət Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün ötən ilin martında Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Bu tədbir cənab İlham Əliyevin təklifi, quruma üzv dövlətlərin birgə qərarı ilə Türkiyədə keçirildi. Cənab İlham Əliyevin bu addımı qardaşlığın nümunəsi kimi qeyd edildi. Təbii ki, bu kimi addımları xeyli sayda sadalamaq olar. Qarşılıqlı etimada, möhkəm təmələ əsaslanan Azərbaycan-Türkiyə münasibətləri digər ölkələrə nümunədir.

Dost ölkələr sırasında Pakistanı da xüsusi qeyd etməliyik. Onu da qeyd edək ki, Pakistan Ermənistanı Azərbaycanın torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan, Türkiyə və Pakistan bayraqları birgə dalğalandı. Tarixi Zəfərimizdən sonra Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri bir araya gələrək Bakı Bəyannaməsini imzaladılar. Münasibətlərimizin gələcək inkişafının yol xəritəsi təqdim edildi.

Azərbaycan hər zaman əməkdaşlığa xüsusi önəm verir. Qarşılıqlı etimad mühitinin qorunması xarici siyasətimizin əsasıdır. Tarixi Zəfərimiz bütün bu məqamlara aydınlıq gətirdi. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimində söylədiyi «Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir» fikirləri Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri ilə yanaşı, qarşıdakı dövrün əsas çağırışının təqdimatıdır.

Yeganə Əliyeva, «İki sahil»