“Prezident İlham Əliyevin Cəbrayıl Şəhəri Günündə cəbrayıllılarla görüşü, orada məzmunlu çıxışı böyük marağa, geniş müzakirələrə səbəb oldu. Dövlət başçısı İkinci Qarabağ müharibəsi dövründə Cəbrayılın işğaldan azad edilmiş ilk şəhər olduğunu bildirdi. Həqiqətən də şanlı ordumuz böyük peşəkarlıq, qəhrəmanlıq göstərərək Cəbrayılda düşmənə cəhənnəm yaşatdı. Bu şəhərin azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərdi. İşğal altında olan digər rayonlarımıza yol açıldı. 30 illik işğala 44 günə son qoyuldu. Cəbrayıl əməliyyatı zamanı bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Bu gün Cəbrayılın inkişafı ilə bağlı müfəssəl, aydın planlar mövcuddur. Burada bütün işlər inkişaf strategiyası üzrə gedir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Deputatın sözlərinə görə, Cəbrayıl azad edildikdən dərhal sonra burada infrastruktur layihələrinin icrası başlanıldı: “1993-cü ilin avqust ayının 23-də işğal olunan Cəbrayıl azad olunanda burada cəmi iki bina vardı, onlarda da erməni hərbçilər yaşayırdılar. Burada bütün evlər, milli-mədəni abidələrimiz erməni vandalları tərəfindən məhv edilmişdi. Azərbaycan dövləti bu gün Cəbrayılı öz daxili imkanları hesabına, heç bir donor təşkilata müraciət etmədən tam yenidən qurur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin yola salınma prosesi davam etdirilir. İndiyə qədər 117 ailənin Cəbrayılda daimi məskunlaşması təmin edilib. Bura qayıdan vətəndaşların rahat yaşayışı və orada işlə təmin olunması üçün bütün lazımi addımlar atılır. Cənab İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı yeni müəsisələrin, istehsal və xidmət sahələrinin açılışını etdi, təməlini qoydu. “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabriki işə düşəndən sonra 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub. Cəbrayılda “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli atıldı. Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak etdilər. Bununla yanaşı, Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış oldular. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərinə də qatıldılar. Bu sənaye parkının yaradılması ümumilikdə regionun inkişafı üçün önəmli hadisədir”. T.Mirkişili qeyd edib ki, 200 hektarı əhatə edən bu böyük layihə çərçivəsində sənaye parkının rezidentlərinin sayı 12-yə çatıb: “Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib. Tezliklə Cəbrayıl müasir səviyyədə yenidən qurulacaq və insanlar öz dədə-baba torpaqlarında firavan yaşayacaqlar. Bütün bunlar onu göstərir ki, Cəbrayılda da bütün zəruri infrastruktur obyektləri, istehsalat müəssisələri, sosial layihələr sistemli şəkildə, ardıcıl icra edilir. İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit və turizm imkanları ilə azad edilmiş ərazilərimiz investorların diqqətini cəlb edir”.
T.Mirkişili əlavə etdi ki, Prezident İlham Əliyevin cəbrayıllılarla görüşündə səsləndirdiyi fikirlər Ermənistan və onun havadarlarına ciddi mesaj, xəbərdarlıq kimi qəbul edilməlidir: “Xarici dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqelərini diqqətə çatdıran dövlətimizin başçısı Ermənistana açıq mesaj göndərdi ki, təhlükəli oyunlarla oynamasın. Onlar bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən isə sürətlə silahlandırılır. Silahı verən isə əsasən, Fransa başda olmaqla Qərb ölkələridir. Dünyada vəziyyət dəyişir. Azərbaycan Ermənistanın şıltaqlıqlarına, təxribatlarına seyirci qalmayacaq, sonsuz dözümlülük göstərməyəcək. Qırmızı xətti keçəcəyi təqdirdə, Azərbaycan dövləti Ermənistanı necə cəzalandıracağımızı yaxşı bilir. Eyni zamanda, biz xarici dövlətlərin, beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli siyasətlərinə adekvat addımla cavab verəcəyik. Bizimlə sanksiya dilində danışan ölkələrlə əməkdaşlıq məsələlərinə yenidən baxmalıyıq. 30 illik işğal dövründə Ermənistana qaşın üstündə gözün var, deməyən, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə qarşı təhdid dilində danışan xarici dövlətlər postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpası işində Azərbaycana dəstək vermək əvəzinə, sanksiya məsələlərini gündəmə gətirirlər”.