20 sentyabr 2024 16:37
89

"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə altqrupunun fəaliyyəti çərçivəsində “ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, "Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə altqrupa üzv olan dövlət qurumlarının, yerli və beynəlxalq özəl şirkət və təşkilatların nümayəndələri, eləcə də digər maraqlı tərəflərin məsul şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ESG üzrə vahid rəqəmsal platformanın yaradılması zərurəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb, bu platformanın müvafiq sahənin fəaliyyətinin əlaqələndirilməsində və ESG üzrə məlumatlandırıcı resursların idarəedilməsində mühüm rol oynayacağını qeyd edib.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini, ESG üzrə alt qrupun rəhbəri Natiq Həsənov çıxışında ESG platformasının ətraf mühit və dayanıqlı inkişaf məsələlərinə, beynəlxalq reytinqlərdə ekoloji performansla bağlı göstəricilərə müsbət töhfə verəcəyini bildirib.

Sonra BMT-nin Azərbaycandakı nümayəndəliyində tərəfdaşlıq və inkişaf məsələləri üzrə müşavir Ülviyyə Əkbərova ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı ilə çıxış edib. Beynəlxalq Maliyyə Korporasiyasının ESG üzrə beynəlxalq eksperti Boris Janjalianı isə müvafiq sahədə beynəlxalq təcrübə barədə məlumat verib.

Tədbirdə ESG üzrə vahid rəqəmsal platformanın yaradılmasından irəli gələn məsələlər, o cümlədən konsepsiyanın layihə icra formatı müzakirə edilib, ESG üzrə beynəlxalq ekspertlərin təklif və tövsiyələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbir tematik sahələr üzrə müzakirələrlə davam edib və tədbirin sonunda tematik sahələr üzrə yol xəritələri və icra layihələri razılaşdırlaraq qəbul edilib.