17 sentyabr 2024 22:51
210

“GÖZÜN AYDIN, AZƏRBAYCAN!”

ÜLVİ AYDININ YENİ KİTABI

Bakı Dövlət Universitetinin doktorantı, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü, Prezident təqaüdçüsü, şair, publisist Ülvi Aydının “Gözün aydın, Azərbaycan!” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

“İki sahil” xəbər verir ki, kitab müəllifin “Ön söz” əvəzi yazdığı “Müəllifdən” adlanan yazı ilə başlayır. Adından da göründüyü kimi, şeirlər toplusunda Zəfərimizi təcəssüm etdirən yüksək ovqatda yazılan bədii mətnlər yer almışdır. Yeddi bölmədən ibarət olan kitabın “Azərbaycanım” adlı bölməsində “Azərbaycan Ordusu”, “Qarabağ Azərbaycandır!”, “Haqqın səsi”, “Ali Baş Komandanımız”, “Tarix yaddaşında qalır şəhidlər”, “Şuşa azaddır!” və başqa şeirlər yer almışdır.

Kitabın “Pulun etirafı” adlı digər bölməsində mənəvi əxlaqi dəyərləri özündə ehtiva edən “Özün üçün yaşamırsan”, “Kitablarla söhbət”, “Dəniz”, “Bağışla məni ürək” kimi bədii mətnlər oxuculara təqdim edilmişdir. Kitabın digər bölmələrində mənəvi dəyərləri əks etdirən və məhəbbət mövzusunda yazılan ədəbi nümunələr əks etdirilmişdir. “İki vurulub yüz minə”, “Sənə sənsizliyimdən danışım”, “Dünən başqa, bu gün başqa”, “Qartopu məhəbbəti”, “Qələmdən soruş” adlı bölmələrdə şair duyğularını reallıq və romantikanın vəhdətində bədiiləşdirərək oxucularına təqdim etmişdir.

Kitabın redaktorları BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva və filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkiyevadır.

Qeyd edək ki, Ülvi Aydının bundan öncə “Düşünək gərək”, “Çağlayan sevgi”, “Təmənnasız qan” və “Eşqin səsi” adlı kitabları çap olunmuşdur.