17 sentyabr 2024 17:52
171

Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək.

DQİDK-dən "İki sahil"ə bildiriblər ki, “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində təşkil edilən seminarın Azərbaycan xalqı üçün tarixi-mədəni əhəmiyyətə və mənəvi dəyərə malik olan Şuşa şəhərində keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılması məqsədilə keçiriləcək seminar çərçivəsində “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?”, “Dini radikalizmlə mübarizə və media”, “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzularında sessiyalar təşkil ediləcək.

Tədbirdə peşəkar media mütəxəssisləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək, interaktiv müzakirələr aparılacaq, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil ediləcək.

Qeyd edək ki, seminarda 30-dan çox media nümayəndəsinin iştirakı gözlənilir.