Məqsədyönlü soyqırımı siyasəti xalqımızın tarixində silinməz izlər qoydu
Heç kimə sirr deyil ki, azərbaycanlıların fiziki cəhətdən məhv edilməsi, onların öz tarixi vətənindən qovulması, soydaşlarımıza məxsus maddi-mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi ilə yanaşı, bölgə tarixi ermənilər tərəfindən geniş miqyasda saxtalaşdırılmaya da məruz qalıb. Birinci Qarabağ savaşından sonra ermənilər ideoloji müharibədə öz arsenallarında olan daha bir hiylə işlədiblər. Belə ki, onlar işğal etdikləri ərazilərdə ilkin yer adlarının (toponimlərin) demək olar hamısını dəyişdiriblər. O dövrdə qarşıya qoyulan məqsəd belə idi - Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisini bu ərazilərdən qovmaq, azərbaycanlıların tarixi yaddaşını silmək. Tarixi faktlar sübut edir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan isə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən nəşr edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. İrəvan xanlığının əhalisinin 70-80-nin faizi azərbaycanlılar olması da tarixi reallıqdır.
Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının üzvü, Əştərək, Üçkilsə və Sərdarabad rayonları İcmasının sədri Cəlal Allahverdiyev “İki sahil”ə açaqlamasında bildirib ki, ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət də azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər. Bu ərazilərdəki toponimlərdə heç bir erməni izinə rast gəlmək mümkün deyildir. Hətta antropoloqlar arxeoloji araşdırmaları zamanı ermənilərin qalıqlarının iki əsrdən artıq bir zamanı əhatə etmədiyini vurğulayırlar. İrəvan xanlığı işğal edildikdən sonra Çar Rusiyası ilə Qacarlar arasında 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran və Osmanlı ərazisindən minlərlə erməni ailələri İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində münbit torpaqlarda məskunlaşdılar. Onlar 6 il ərzində vergi və mükəlləfiyyətlərdən azad oldular. Çar Rusiyasının bu köçürmə siyasətinin məqsədi Osmanlı ilə Azərbaycan arasında bufer zona yaratmaq idi və bu məkrli plan baş tutduqdan sonra onun istiqamətləri daha da genişləndirildi. İstər Gülüstan, istərsə də Türkmənçay müqavilələri həm Qərbi, həm də Cənubi azərbaycanlılara qarşı xəyanətkarlıq aksiyaları idi. Qafqazda azərbaycanlılara qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti xalqımızın tarixində silinməz izlər qoydu. Bu, bir həqiqətdir ki, Qərbi Azərbaycan bizim bütöv Azərbaycanın bir parçasıdır.
C.Allahverdiyev diqqətə çatdırıb ki, Azərbaycan ədəbiyyatından, maarifindən, mədəniyyətindən, tarixindən, iqtisadiyyatından söhbət gedərkən həmişə əzəli torpaqlarımız diqqətdən yayınmış, nəticədə natamam tədqiqatlar aparılmışdır. Halbuki Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını, maarifini natamam öyrənməklə xalqın bütöv ədəbiyyatını, tarixini, mədəniyyətini, maarifini kölgədə qoymuş oluruq. Bu baxımdan Ümummilli Lider, Ulu Öndərimiz Heydər Əliyevin 18 dekabr 1997 və 26 mart 1998- ci il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd edilməsi haqqında” 29 dekabr 2006-cı il, “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli sərəncamları, eyni zamanda Qərbi Azərbaycanda milli maarifçilik mühitinin fundamental şəkildə araşdırılması baxımından aktuallıq kəsb edən mövzulardan biri olmaqla yanaşı, təhsil tariximizin ümumiləşdirilmiş və kompleks şəkildə öyrənilməsinə, araşdırılmamış səhifələrinin üzə çıxarılmasına xidmət edir və bu sahədəki tarixi faktları saf-çürük etməyə, sistemləşdirməyə imkan vermişdir. Bildiyimiz kimi, XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlərlə yanaşı, İrəvan şəhəri də Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Azərbaycanın elm və mədəniyyət tarixinə “İrəvani” təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə rast gəlmək olar. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Mirzə Məhəmməd İrə- 2 vani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Dəlil İrəvani, Ləli İrəvani, Əbülqasim İrəvani, Mirzə Ağası İrəvani və başqa görkəmli şəxsiyyətlərin yaradıcılığı bir daha bunu təsdiq edir. İslam alimləri arasında bu alimlərin, eləcə də adlarını çəkmədiyimiz digərlərinin adları hər zaman ön sırada çəkilir. Bu gün dünyanın müxtəlif ölkələrində Muğanlinski, İrəvani, İrəvanski, Makinski, Qəmərlinski, Qədimbəyov, Sultan Hüseynbəyov, Sultanov, İsmixanov, Fərəcbəyov, Mirbağırbəyov, Qazıyev, Məmmədzadə, Uluxanlı, Qazızadə, Mirbabayev və onlarla bu kimi soyadların görkəmli nümayəndələrinin, elm və mədəniyyət, ictimai xadimlərinin fəaliyyətini, onların yaradıcılığını araşdırmağa tam müyəssər ola bilsək, 100 cildlərlə kitablar yarana bilər. Görkəmli alim, pedaqoq, XIX əsrin sonlarında İrəvan kişi gimnaziyasında dərs demiş, böyük ədəbiyyatşünas Firudin bəy Köçərli çox haqlı olaraq İrəvanı “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri, yəni “üləmalar, fazillər və şairlər şəhəri” adlandırmışdı. Məlumdur ki, XIX əsrin əvvəllərində Cənubi Qafqaz, o cümlədən Azərbayan xanlıqları Rusiya tərəfindən işğal olunduqdan sonra həyatın bütün sahələri onun tərəfindən idarə olunmağa başladı. 1829-cu il avqustun 2-də Rusiya Maarif Nazirliyi “Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında” qərar qəbul etdi. Həmin qərarda Zaqafqaziyada qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdır. Həmin qərara əsasən, 1830-cu ilin dekabr ayında Şuşa qəza məktəbi açılmış və həmin ildə İrəvanda 100, Naxçıvanda 50, Ordubadda 50, Kulpda 50 şagirdlik qəza məktəbinin açılması da nəzərdə tutulmuşdu. Bir sıra səbəblərə görə həmin ildə adlarını qeyd etdiyimiz regionlarda qəza məktəblərinin açılması mümkün olmamışdır. İrəvanda ilk qəza məktəbinin açılması 14 yanvar 1832-ci ildə gerçəkləşmişdir. 1836-cı ildə isə İrəvan qəza məktəbinin azərbaycanlı sinifi – qrupu fəaliyyətə başlamışdır. 1836-cı ildə İrəvan qəza məktəbində ilk dəfə Azərbaycan dili və şəriət dərslərini əslən Dərəçiçəkdən olan Mirzə Molla Tağı Mahmud oğlu tədris etmişdir. Mirzə Molla Tağı Mahmud oğlu dünyasını dəyişdikdən sonra həmin fənləri 1856-cı ilin sonlarından başlayaraq Cənubi Qafqazda ana dilində ilk dərsliyin müəllifi, əslən Uluxanlıdan olan böyük maarifçi Mirzə Ələkbər Elxanov tədris etmişdir. 15 mart 1868-ci ildə Qafqaz Tədris Dairəsi İrəvan qəza məktəbinin 3 sinifli progimnaziya kimi fəaliyyət göstərməsi ilə bağlı qərar vermiş, qəza məktəbi 4 sentyabr 1868-ci ildən progimnaziya kimi fəaliyyət göstərməyə başlamışdır. 3 sinifli progimnaziya 1869-cu ildən 4 sinifli gimnaziyaya çevrilmişdir. 1871-ci ildə progimnaziyanın ilk buraxılışı olmuşdur. Progimnaziyanın ilk məzunlarından 24 nəfəri azərbaycanlı idi. 1869-cu ildən etibarən 4 sinifli progimnaziya kimi fəaliyyət göstərən bu təhsil ocağı 31 mart 1881-ci ildən 5 sinifli gimnaziyaya çevrildi. 1884-cü ildə İrəvan kişi gimnaziyasının Azərbaycan dili və şəriət müəllimi Mirzə Ələkbər Elxanov dünyasını dəyişdikdən sonra onun yerinə Qafqaz Təhsil Dairəsinin təyinatı ilə Qori Müəllimlər Seminariyasının məzunu Firudin bəy Köçərli göndərilir. Firudin bəy Köçərli 1885-1895-ci illərdə İrəvan kişi gimnaziyasında dərs deməklə yanaşı, burada Azərbaycan ədəbi-mədəni mühitinin təşəkkülündə yerli ziyalılarla – Abbas Razi Məmmədzadə (Fars Abbas), Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Məhəmmədbağır Qazızadə və başqaları ilə birlikdə yaxından iştirak etmişdir. Qafqaz Təhsil Dairəsi rəhbərinin 30 oktyabr 1895-ci il tarixli əmri ilə Firudin bəy Köçərli İrəvan kişi gimnaziyasından Qori Müəllimlər Seminariyasına köçürülür. Onun yerinə isə Qori Müəllimlər Seminariyasının məzunu İsmayıl bəy Şəfibəyov təyin edilir. Firudin bəy Köçərlinin səmərəli işini gimnaziyada İsmayıl bəy Şəfibəyov davam etdirmişdir. O 1895-ci ildən 1917-ci ilədək gimnaziyada tatar (Azərbaycan) dilini tədris etməklə yanaşı, eyni zamanda, burada tərbiyə işləri üzrə köməkçi vəzifəsində çalışmışdır. Gimnaziyanın azərbaycanlı bölməsinə bir müddət İrəvan quberniyası ruhani məclisinin Şərur-Dərələyəz mahalı üzrə nümayəndəsi Mirzə Məhəmməd Şeyxzadə, ondan sonra isə Şeyx Əbu Səttar Əli Əkbər Kazımov rəhbərlik etmişdir. 1881-ci ildən 1917-ci ilə kimi İrəvan kişi gimnaziyasını 280 nəfərə qədər azərbaycanlı bitirmişdir. Əgər statistik rəqəmlərə nəzər salsaq görərik ki, İrəvan kişi gimnaziyasında təhsil alan azərbaycanlı tələbələrin sayı 600 nəfərdən çox olmuşdur. Amma bunların hamısı bu təhsil ocağını bitirməyə müvəffəq ola bilməmişdir. Bunun da ən başlıca səbəblərindən biri müxtəlif vaxtlarda gimnaziyaya rəhbərlik etmiş qeyri-millətdən olan şovinist direktorların azərbaycanlı tələbələrə qarşı milli ayrı-seçkilik münasibəti və tədris prosesi üçün yaratdıqları əlverişsiz şərait idi. Bütün bunlara baxmayaraq azərbaycanlı tələbələr öz təhsillərini inamla davam etdirmişlər. Azərbaycan elminə öz töhfələrini vermiş dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov, görkəmli ictimai-siyasi xadim, tibb elmləri doktoru, professor Əziz Əliyev, ictimai xadim Maqsud Məmmədov, görkəmli tarixçi alim, professor Mehdixan Erivanski, tanınmış dilçi alim Miryusif Mirbabayev, Kəngərlilər soyunun görkəmli nümayəndələrindən olan Əsədulla bəy Kəngərlinski, ictimai xadimlər Əkbər ağa Şeyxülislamov, Teymur Makinski, böyük maarif xadimi İsfəndiyar bəy Sultanov, Firuz Ordubadski və başqaları İrəvan kişi gimnaziyasının məzunları olmuşlar. 4 Bildiyiniz kimi, XIX əsrin 70-ci illərindən başlayaraq çar hakimiyyəti tərəfindən Cənubi Qafqazda qəza məktəblərinin təşkili prosesi daha da sürətləndi. Elmin əsaslarını yeni üsulla tədris edən dünyəvi Azərbaycan məktəbləri İrəvan quberniyasının İrəvan, Uluxanlı, Böyük Vedi, Zod, Çobankərə, Qəmərli, Gözəldərə və başqa bölgələrində də açılaraq fəaliyyət göstərməyə başlamışdır. Bu dünyəvi məktəblər həm dövlət tərəfindən ayrılan vəsaitlər, eyni zamanda qismən də camaatdan toplanan könüllü ianələr hesabına açılırdı. Bu məktəblər təkcə o çağki İrəvan quberniyasında deyil, Cənubi Qafqazdakı kənd məktəbləri içərisində də fərqlənirdilər. Bu tip məktəblərin sayının getdikcə artması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatı daha da artırırdı. Çar hakimiyyəti qəza və kənd məktəblərində dərs demək üçün müəllim kadrları ilə bağlı yaranmış ehtiyacı təmin etmək məqsədi ilə Cənubi Qafqazda pedaqoji kadrlar hazırlayan müəllimlər seminariyalarını təşkil etməyə başladı. Rusiya dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına əsasən yaradılan bu tip təhsil müəssisələrindən biri də təhsil tariximizdə əhəmiyyətli dərəcədə böyük rol oynamış, zəngin və şərəfli tarixi bir yol keçmiş İrəvan Müəllimlər Seminariyasıdır. İrəvan Müəllimlər Seminariyasının Azərbaycan qrupunun (bölməsinin) rəhbəri, şəriət və tatar (Azərbaycan dili) dili müəllimi dövrünün görkəmli elm, maarif və din xadimi, İrəvan Quberniyası Müsəlmanları Ruhani Məclisinin sədri Axund Məhəmmədbağır Qazızadə təyin edilmişdir.
Cəlal Allahverdiyev onu da qeyd edib ki, Axund Məhəmmədbağır Qazızadənin Qərbi Azərbaycanda elmin, mədəniyyətin, təhsilin inkişafında özünəməxsus böyük xidməti olmuşdur. İrəvanda qabaqcıl maarifçilərin sırasında öz dəsti-xətti ilə seçilən Axund Məhəmmədbağır Qazızadənin ictimai-pedaqoji fəaliyyətini əhatə edən həmin illəri diqqətlə nəzərdən keçirdikdə xalq maarifi sahəsində böyük bir canlanma ilə müşayiət olunur. Bu maarif fədaisi seminariyada bir sıra ciddi çətinliklərə baxmayaraq, hər il burada təhsil alan azərbaycanlı tələbələrin sayını artırmağa səy göstərmişdir. Cənubi Qafqazda və digər şəhərlərdə fəaliyyət göstərən seminariyalar kimi İrəvan Müəllimlər Seminariyası da öz tərkibinə görə beynəlmiləl tədris ocağı idi. Seminariyanın fəaliyyəti təkcə İrəvan quberniyası məktəbləri üçün kadrlar hazırlamaqla məhdudlaşmamışdır. Seminariyada Azərbaycan, Gürcüstan, Şimali Qafqazdan və başqa şəhərlərdən də gənclər gəlib təhsil alırdılar. 1884-cü ildə ilk buraxılışı olmuş seminariyanı 5 nəfər azərbaycanlı bitirməyə müvəffəq olmuşdur. İrəvan Müəllimlər Seminariyasının fəaliyyət göstərdiyi dövrdə bu təhsil ocağının 86 nəfər azərbaycanlı tələbə məzunu olmuşdur. Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli şair və yazıçıları – Həsən bəy Zərdabi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Məmmədəli Sidqi, Salman Mümtaz və başqaları İrəvan ədəbimədəni mühitinin aparıcı simaları ilə sıx dostluq və yaradıcılıq əlaqələrində olmuşlar. Haşım bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov kimi böyük sənətkarlar inqilabdan əvvəl İrəvanda işləmiş, öz ədəbi fəaliyyətlərini burada da davam etdirmişlər.
C.Allahverdiyev diqqətə çatdırıb ki, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Cənubi Qafqazda milli maarifçilik hərəkatının genişlənməsi və pedaqoji fikrin inkişafında Azərbaycanın aparıcı elm, ədəbiyyat, mədəniyyət mərkəzlərindən biri kimi İrəvan bölgəsi əhəmiyyətli dərəcədə rol oynamışdır. Həbib bəy Səlimov, Həmid bəy Şahtaxtinski, Mirzə Cabbar Məmmədzadə, Rəhim Xəlilov, Saleh Güllücinski, Əhməd Haşımov, Şəmdin bəy Mahmudbəyov, Abasqulu bəy Şadlinski, Fəraməz bəy Mahmudbəyov, Haşım bəy Vəzirov, İbadulla bəy Muğanlinski, Rəşid bəy İsmayılov, İbrahim Səfi, Həsən bəy Qazıyev və bu kimi onlarla elm, ədəbiyyat, mədəniyyət, ictimai xadimlər təhsil tariximizin şərəfli səhifələrini təşkil edən İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar. Bütün bunlara baxmayaraq, 1918-1920-ci illərdə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən kütləvi qırğın aksiyaları zamanı bu təhsil ocaqlarının da fəaliyyəti dayandırıldı. Yüz minlərlə azərbaycanlı soydaşımız qəddarcasına qətlə yetirilməkdən xilas olmaq üçün Azərbaycan, Türkiyə, Cənubi Azərbaycan və digər ölkələrdə sığınacaq tapmağa məcbur oldular. Bununla da Qərbi Azərbaycanda soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni həyatı tənəzzülə uğradı, onun görkəmli nümayəndələri soyqırıma və deportasiyaya məruz qaldılar.
Şəmsiyyə Əliqızı, “İki sahil”