03 sentyabr 2024 17:35
435

Avarçəkmə üzrə Azərbaycan çempionatına start verilib

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında akademik avarçəkmə, kayak və kanoe üzrə ölkə çempionatına start verilib.

“İki sahil” xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparır.

Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edirlər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayırlar.

Qeyd edək ki, qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak etmək hüququ qazanacaqlar.