20 avqust 2024 14:16
396

Paris Paralimpiadasında iştirak edəcək Azərbaycan parataekvondoçuları ilə görüş olub

Azərbaycan Taekvondo Federasiyasında (ATF) “Paris-2024” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək parataekvondo üzrə milli komanda ilə görüş olub.

ATF-nin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, görüşdə federasiyanın vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziyaçıların son durumu ilə maraqlanıb, onlara Fransa paytaxtında uğurlar arzulayıblar.

Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, paralimpiadadan gözləntilərini açıqlayıb. O, “Paris-2024”ə hazırlıqların yüksək səviyyədə keçdiyini və federasiyanın onlar üçün bütün lazımı şəraiti yaratdığını vurğulayıb.

Parataekvondoçular da oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycanın Dövlət Himnini səsləndirməyə çalışacaqlarını deyiblər.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçular Parisə avqustun 21-də yollacanaqlar.