"Napoli"nin idman direktoru Covanni Manna hücumçu Viktor Osimhenin mümkün gedişi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o, 25 yaşlı futbolçunu komandada saxlamaq niyyətində olduqlarını, lakin hələlik bu barədə razılıq əldə etmədiklərini deyib: “Viktor vacib keyfiyyətlərə malik vacib oyunçudur və onun istəyi başa düşüləndir. Biz komandanın bütövlüyünü qorumaq istəyirdik. Gəlin görək yaxın günlərdə nələr baş verəcək. Bu gün sensasiyalı məlumat vermək düzgün deyil. Osimhenin daha 2 mövsümlük müqaviləsi var. Əgər avqustun 30-na kimi həll tapılmasa, biz onunla danışacağıq”.
Qeyd edək ki, Osimhen 2020-ci ildən "Napoli"nin futbolçusudur.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Çelsi”nin Osimhenin transferində maraqlı olduğu və nigeriyalı hücumçunun alınması üçün Romelu Lukakunu da müqaviləyə daxil etməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.