Heç on səkkizinci əsrdə olan Bakının gerbinə baxmısınız? Baxanlar gerbdə dəvə yükünün üstündə çiçək açmış zəfəran görərlər. Bu da onu bildirir ki, həmin dövrlərdən Bakıda zəfəran əkilib-becərməklə o, Abşeronunun rəmzinə çevrilib. Həmçinin tarixi mənbələr göstərir ki, doqquzuncu əsrdə Azərbaycandan dünyanın bir sıra ölkələrinə zəfəran ixrac olunub. Midiya və Assuriyaya aid olunan yazılı qaynaqlarda şəfa verici bir bitki kimi zəfəranın adına rast gəlinir. 4 min il əvvəl yaşamış qədim xalqlar zəfərandan istifadə ediblər.
Zəfəran münbit torpağa həssas olduğuna görə kiçik Asiya, İran, Suriya, Hindistan, Çin, Yaponiya, eləcə Avropa ölkələrində geniş becərilir. Amma Abşeron zəfəranı dünyada seçilir. Bu da onun keyfiyyəti ilə bağlıdır. Yeri düşmüşkən deyim ki, ölkəmizdə yabanı halda bitən zəfəranın 6 növü məlumdur. Ta qədimdən indiyə qədər ondan məişətdə geniş istifadə olunur, təkcə milli kulinariyada 50-dən çox şirniyyata dad qatır.
Bənövşəyi rəngin ən fərqli çalarlarını özündə yaşadan zəfərana gözəlik qatan, qiymətini qaldıran onun zərif telləridir. Tərkibi isə rəngləyici maddələr, şəkərlə, ayrı-ayrı vitaminlərlə zəngindir. Bir kiloqram çiçəyindən 75-80 qram ətir yağı almaq olur.
Çox-çox illər əvvəl ulularımız zəfəranı əsl şəfa mənbəyi bilməklə öskürək, qızdırma zamanı, mədə-bağırsaq, ürək xəstəliklərində onu dərman vasitəsi kimi işlədib, indinin özündə də zəfəranla dərdinə çarə tapanlar vardır. Böyük Loğman İbn Sina “Tibbi qanunlar” kitabında hər bir dərdin dərmanı adlandırdığı zəfəranla 400-ə yaxın xəstəliyin sağaltmasını bildirir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü