Belə bir çiçək vardır, adına zanbaq deyilir. Əzəli Vətəni bizim qonşu ölkə İran olub. Qaldı ki, qardaş Türkiyədə çox-çox qədim zamanlarda becərilib, indinin özündə isə lala kimi məşhurdur. Osmanlıda ləçəklərin zərifliyi, incəliyi ilə sultanları özünə heyran qoyan zanbaq həmişə sarayların, malikanələrin bağçasını bəzəyib. Eyni zamanda hər bahar gələni çiçəklə bağlı möhtəşəm baram tədbirləri təşkil olunub. Osmanlı imperiyasının bir dövrü məhz onun adı ilə “Lalə dövrü” olaraq tarixin ən dərin qatlarında özünə yer edib.
Deyilənlərə görə, on altıncı əsrin ortalarında Avstriya imperatorunun elçisi Türkiyəyə gəlib. O, burada ölkənin gül bağçalarını gəzəndə tanımadığı bir çiçək onun qəlbinə daha çox yatıb. 1554-cü ildə çoxlu miqdarda toxum Vyanaya aparıb. Burada onu yetişdirəndən sonra zanbağın sorağı bütün Avropaya yayılıb. Eləcə çox keçmədən Avstriyada, Fransada, İngiltərədə, Almaniyada, Amerikada göz oxşayıb, ətrafına gözəllik saçmaqla başqa çiçəklərə meydan oxuyub.
Çiçək özünün ən böyük şöhrət tacını Niderlanda başına qoyub. Belə ki, 1634-cü ildə buraya ayaq açdığı gündən şəhər küçələrin, meydanların, evlərin ən gözəl çiçəyi olmaqla könül oxşayıb. Daha sonra hollandlar zanbağın sorağına düşüblər. Və qısa müddətə istəklərinə çatıb, çıçəyi dünyanın müxtəlif ölkələrindən gətirib, öz bağlarında əkiblər. Həm də onun müxtəlif növlərini yetişdiriblər.
İndinin özündə dünyada zanbağın 2500 növü məlumdur. Həmçinin neçə-neçə əsr bunda əvvəl əfsanə, nağıl, miflərdə xatırlanan zanbaqlar Yunanistanda ümid, Rusiyada sülh və təmizlik, Fransada mərhəmət, Almaniyada isə sədaqət simvolu sayılır.
Zanbaq çiçəyin xalq təbabətdə bəzi xəstəliklərin müalicəsində “həkimliyi” var. Yağının yanıq yerlərin sağalmasında əhəmiyyəti böyükdür. Qulaq ağrılarını kəsmək üçün istifadəsi olduqca səmərəlidir. Zanbaq gülündən çəkilmiş nektar zeytun yağında bir qədər saxlananda yara, eləcə də yanıqlara çəkilən zaman yaxşı effekt verir. İkinci tərəfdən ətriyyatda ən çox işlədilən çiçəkdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü