26 iyul 2024 00:30
320

Əli Kərimli və troll dəstəsi niyə azğınlaşıb?

Sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən şəxslər və partiyalar seçki qanunvericiliyinə uyğun olaraq işlərini həyata keçirirlər. Belə ki, partiyalar deputatlığa namizədlərini müəyyənləşdirib, sənədlər prosedura uyğun şəkildə Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyünü tam bərpa etmiş ölkəmizdə budəfəki parlament seçkilərinin bütün ölkə ərazisində yüksək səviyyədə və demokratik, şəffaf keçiriləcəyi şəksizdir.

Amma milli maraqlarımızın əleyhinə fəaliyyəti ilə ad qazanmış AXCP sədri Əli Kərimli və onun istər ölkə daxilindəki, istərsə də xaricdəki “məsləkdaş”ları öz dezinformasiyaları əsasında şoular göstərməkdə, daha doğrusu, öz xislətlərinə uyğun hərəkət etməklə uğursuz şəkildə bu mötəbər tədbirə qara yaxmaqda davam edirlər.

Tarixi Zəfərimizə, eləcə də azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə yumşaq şəkildə desək, hələ də qısqanclıqla yanaşan  Əli Kərimli Milli Məclisə keçiriləcək növbədənkənar seçkiləri gözdən salmaq məsqsədilə elə “arqumentlər” ortaya qoyur ki, əgər belə demək mümkünsə, sadəcə olaraq lap bişmiş toyuğun gülməyi gəlir. Məsələn, o başqa bəhanə tapa bilmədiyindən yenidən ənənəvi mövzularına qayıtmağa üstünlük verərək yenə də olmayan siyasi məhbus məsələsindən yapışıb. Halbuki, dəfələrlə vurğulanıb ki, Azərbaycanda bir nəfər də siyasi məhbus yoxdur. Yalnız konkret cinayət törətmiş şəxlər var ki, onlar da qanun qarşısında cavab verirlər. Olmaya “görkəmli hüquqşünas”   Əli Kərimlinin qanunlarımızdan xəbəri yoxdur. Təbii ki, var. Amma  onun üçün xaricdən aldığı dəstək, sifariş və yalanlar uydurmaq qanundan çox-çox irəlidir.

Görünür, onların arasında “sapı özümüzdən olan bu baltanın” da “qarındaş”ları var.  Odur ki, Əli bəy “silahdaşlar”ına “gün ağlamaq” məqsədilə onların əməllərinə siyasi don geyindirməyə, elə bu üsulla da xaricdəki ağalarının etimadını qazanmağa çalışır.

Vətənə xainliyi ilə ad çıxarmış bu şəxs unutmasın ki, bu gün informasiya əsridir. Bu mənada internet dövründə bu kimi iftiralarla, dezinformasiyalarla kimsəni inandırmaq, aldatmaq mümkün deyil. Amma nə edəsən ki, adam dəyişə bilmir də. Xarici himayədarlarına, həmçinin erməni lobbisinə xidmət edən, onların əlində oyuncağa çevrilən bu təxribatçı parlament  seçkilərini qaralamağı, daha doğrusu, Azərbaycana şər-böhtan atmağı qarşısına məqsəd kimi qoyub. Amma  hədyanlarına  onu maliyyələşdirənlərdən savayı kimsənin reaksiya vermədiyini görəndə daha da azğınlaşır. Necə deyərlər, gözünü yumub gül ağzını açır. Di gəl, minimal rəqabət mühitinin olmamasını əlində bayraq edən bu şəxs utanmadan hələ də xalqın adından danışmağa cəhd edir. Hətta   utanmaz-utanmaz deyir ki, guya onların mövqeyi ilə xalqın mövqeyi üst-üstə düşür. Vallah, gülməlidir. İnsan da özünü bu qədər gülünc vəziyyətə salarmı?

Özü bir tərəfə, müavini Ayaz Məhərrəmli də elə “rəhbər”i kimi düşünür. Utanıb-qızarmadan yalanları ilə sosial şəbəkələrdə şou göstərən elə onların özləridir. Amma bu, bir həqiqətdir ki, göstərdikləri şoularının dəyişməz tamaşaçıları elə onların bir ovuc troll dəstəsidir.

Heç bir etik normalara riayət etməyən xaricdəki bəzi üzdəniraqlar da  mənəviyyatsızlıqlarını bir daha nümayiş etdirirlər.  Şübhəsiz, bu kimi yalanları ilə özlərini  gülünc vəziyyətə salan bu antimilli ünsürlər bütün “xidmət”lərinə görə himayədarları, o cümlədən erməni diasporunun nümayəndələri  tərəfindən mükafatlandırılırlar. Axı onların çörəyi Azərbaycana, ölkəmizin əldə etdiyi uğurlara qara yaxmaqdan çıxır. Bu məqamda bu sözləri də yazmaq yerinə düşər: Zəhərə dönsün o çörək ki, Vətəni şərləməklə, böhtanlar yağdırmaqla, satmaqla qazanırsınız. İnşallah, zamanı çatanda burnunuzdan gələr.

Qvami Məhəbbətoğlu, “İki sahil”