İyulun 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib. Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı da diqqətə çatdırılıb. Bir neçə gün öncə Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə də bu məqama toxunmuşdu.
Bəli, artıb bu, faktdır ki, Azərbaycanın Vətən müharibəsində Zəfər çalaraq ərazi bütövlüyünü, ötən il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə üzərində suverenliyini bərqərar etməsini, Cənubi Qafqazda söz sahibi olmasını, yeni reallıqlar yaratmasını, azadlığa qovuşan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərini aparmasını hələ də həzm edə bilməyən Fransa və bölgəmizdən min kilometrlərlə uzaqda yerləşən, Cənubi Asiya dövləti sayılan Hindistan da təcavüzkar ölkəni silahlandırmaqda davam edir. “Indian Defence”nin yaydığı məlumata görə, əvvəllər Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş apartaları satan Hindistan indi isə snayper tüfəngləri satmağı planlaşdırır. Artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə də imzalayıb. Məlumatda həmşinin bildirilir ki, rəsmi Dehli ilk dəfədir ki, tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.
Bu isə o deməkdir ki, mötəbər tribunalardan beynəlxalq hüquqdan danışan Hindistan Cənu¬bi Qafqazda açıq-aşkar hərbi münaqişə¬nin qızışdırılması siyasətini dəstəkləyir. Bununla da bölgəni yeni müharibəyə sürükləyir. Bu həm də Hindistanın Cənubi Qafqazda ciddi geosiyasi maraqlar güddüyü deməkdir. Yeri gəlmişkən qeyd edək ki,Ermənistanın təcavüzkar siyasətini dəstəkləyən bu ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı heç bir əsası olmayan müxtəlif hədyanlar da yağdırır.
Ermənistana gəldikdə isə, göründüyü kimi Qərbin diktəsi ilə hərəkət edən bu təcavüzkar ölkə silahlanmanı davam etdirməkdə israrlıdır. Bununla da ordusunu sürətlə silah-sursatla təchiz etməklə militarizm niyyətini gizlətmir. Bu isə Ermənistanın öz havadarlarının yardımı ilə şüurlu şəkildə sülhə deyil, revanşizmə köklənməsindən bir daha xəbər verir.
Azərbaycan Hindistanın bu kimi addımlarını dəfələrlə tənqid edib. Çünki Azərbaycanla sülh bağlamayan ölkəyə silah satmaq ölkəmizə qarşı çıxmaqdır. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq istərdik: “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar. Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”