Nigeriyada ikimərtəbəli məktəb binasının uçması nəticəsində azı 22 nəfər ölüb, 132 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, cümə günü səhər saatlarında Plato Ştatının inzibati mərkəzi Cosda ibtidai və orta məktəb binası uşaqlar imtahan verərkən uçub.
Binada bir neçə sinif otağı və ofis var idi.
Plato Ştatının İnformasiya və Rabitə üzrə Dövlət Komissarı Musa Aşoms bildirib ki, cümə günü axşam xilasedicilər dağıntılar altından 22 cəsədi və 132 sağ qalanı çıxarıblar. Yaralıların 6-nın vəziyyəti ağırdır.
Ştatın təhbəri Kaleb Mutfvanq hadisəni dövlət üçün böyük itki adlandırıb və dağıntılar altında qalanları xilas etmək üçün bütün səyləri göstərməyə çağırıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”