18 iyun 2024 22:14
398

Azərbaycan ağırlıqqaldıranı Yunanıstandakı Avropa çempionatında 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Elman Kurdanov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 medal qazanıb.

“İki sahil” Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. 

Təkanla qaldırma hərəkətində isə 124 kq-ı baş üzərinə qaldıran idmançımız gümüş medal əldə edib. Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Elman Kurdanov körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində qüvvəsini sınayıb.