Alimlər 2022-2050-ci illər arasında dünya üzrə ömrün təxminən beş il artacağını açıqlayıblar. Yeni araşdırmaya görə, əhəmiyyətli tapıntılardan biri odur ki, gözlənilən ömür uzunluğunun artmasına baxmayaraq, bu, həmin illərin gümrah keçəcəyi demək deyil.
“The Lancet” jurnalında dərc olunan araşdırma göstərir ki, 2022-ci ildən 2050-ci ilə qədər qlobal miqyasda gözlənilən ömür uzunluğu təxminən beş il artacaq və bu illər ərzində kişilərdə 4,9 il, qadınlarda isə 4,2 il artacaq. Beləliklə, qadınlarda gözlənilən ömür uzunluğunun 76,2 yaşdan 80,5 yaşa, kişilərdə isə 71,1 yaşdan 76 yaşa yüksələcəyi gözlənilir.
Qlobal Xəstəlik Yükü (GBD) araşdırması 2021 204 ölkədə risk faktorlarını araşdırıb. Tədqiqat göstərib ki, ən yüksək artım gözlənilən ömür uzunluğunun hazırda ən aşağı səviyyədə olduğu regionlarda müşahidə olunacaq. Bu, ölkələr arasında gözlənilən ömür uzunluğundakı fərqi potensial olaraq azalda bilər.
"Biz müəyyən etdik ki, orta ömür uzunluğundakı ümumi artımla yanaşı, bölgələr arasında gözlənilən ömür bərabərsizliyi də azalacaq",-deyə “The Lancet”də dərc olunan araşdırmanın müəlliflərindən biri olan doktor Kris Murrey bildirib.
Alimlər gözlənilən bu qlobal artımı ürək-damar xəstəliklərinin, COVID-19 və digər yoluxucu xəstəliklərin qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə tədbirləri ilə əlaqələndirirlər.
Bununla belə, gözlənilən ömür uzunluğunun artmasına baxmayaraq, yeni tədqiqatın əhəmiyyətli tapıntılarından biri odur ki, bu əlavə illər mütləq sağlam şəkildə yaşanmaya bilər. Araşdırmaya görə, “sağlam ömür uzunluğu”nun 2022-ci ildəki göstəricidən- 64,8 yaşdan 2050-ci ildə 67,4 yaşa qədər artacağı proqnozlaşdırılır ki, bu da yalnız 2,6 illik artım göstərir. Bu artım gözlənilən ömür uzunluğunun təxminən yarısını təşkil edir.
Nubar Süleymanova, “İki sahil”