Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, mövsümün son oyununda Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə yarışıb.
Saat 20:00-da start götürən qarşılaşmanın 42-ci dəqiqəsində Olavio Juninyonun qolu sayəsində "Qarabağ" hesabı açıb.
57-ci dəqiqədə İsmayıl İbrahimli bakılıların bərabərlik qolunu vursa da 62-ci dəqiqədə Abdullah Zubir ağdamlıların növbəti dəfə üstünlüyünü təmin edib.
Bununla da Azərbaycan kubokunun final yarışında qalib gələn "Qarabağ" tarixində 8-ci dəfə kuboku başı üzərinə qaldırıb.
Qeyd edək ki, "Zirə" bu titulu heç vaxt qazanmayıb.
Xatırladaq ki, final görüşündən əvvəl - saat 19:00-da konsert proqramı olub. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edib.
Azərbaycan kuboku,
Final
2 iyun
20:00. "Qarabağ" 2-1 "Zirə"
Qollar: Olavio Juninyo, 42 (1-0), İsmayıl İbrahimli, 57 (1-1), Abdullah Zubir, 62 (2-1)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu
"Liv Bona Dea Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”