31 may 2024 00:57
466

İndiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib

Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan eyni zamanda, mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir. Bu işlərə texniki avadanlıq, mütəxəssislər və uzunmüddətli planlar daxildir. Hökumət bu sahədə ciddi addımlar ataraq həm təhlükəsizlik, həm də sosial-iqtisadi inkişafı təmin etməyə çalışır. Bu baxımdan beynəlxalq əməkdaşlıq və dəstək bu prosesin daha sürətli və effektiv həyata keçirilməsinə kömək edə bilər. Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür.

Belə ki, Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb. Azərbaycanın təşəbbüsü ilə bu konfrans 3-cü dəfədir keçirilir. Mayın 30-31-də keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır. Konfransın birinci günü Zəngilan şəhərində başlayıb, ikinci günü isə Bakı şəhərində davam edəcək.

Konfransda ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunurlar.

Beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır. Qonaqların məscid və yenidən qurulmuş obyektləri ziyarəti isə Azərbaycan ərazilərinin bərpa və inkişaf prosesinin nə qədər sürətli və genişmiqyaslı olduğunu nümayiş etdirir.

Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir: “Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir”.

Dövlətimizin başçısı onu da qeyd edib ki, ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir.

Bu bir reallıqdır ki, Ermənistanın mina xəritələrini təqdim etməməsi beynəlxalq hüquq və humanitar məsələlər baxımından ciddi bir pozuntu sayılır. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təhlükəsizliyin və inkişafın təmin edilməsini çətinləşdirir. Ermənistan bu məsələdə məsuliyyət daşımalı və mina xəritələrini təqdim edərək, humanitar hüquq və beynəlxalq qanunlar çərçivəsində hərəkət etməlidir. Beynəlxalq ictimaiyyətin bu məsələdə aktiv rolu, regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün vacibdir.

Dövlətimiz bu məsələdə də lazım olan tədbirləri görür və əlindən gələni əsirgəmir. Belə ki, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” konfransında BMT-nin İnkişaf Proqramı (UNDP) və ANAMA niyyət Bəyannaməsi imzalayıblar.

Niyyət Bəyannaməsi Azərbaycan ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir.

Sənəd ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo tərəfindən imzalanıb.

Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək. Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsi ilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir.

Nigar Orucova, “İki sahil”