31 may 2024 02:57
511

“Gözəgörünməz düşmən” insan həyatına, ekosistemə ciddi təhdiddir

Vətən müharibəsindən sonrakı dövr ərzində əksəriyyəti mülki olmaqla 361 vətəndaşımız minaların qurbanı olub. Onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb

İkinci Qarabağ müharibəsi, eləcə də lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Qarabağda separatizmə son qoyuldu. Hazırda Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirlir. Çox təəssüf ki, düşməndən azad edilən bu ərazilərimizdə hələ də mina təhdidi davam edir.

Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərimizi kütləvi şəkildə minalayıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 10 noyabr üçtərəfli razılaşmalara baxmayaraq, rəsmi İrəvan hələ də dəqiq mina xəritələrini vermir. Nəticədə yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən mülki vətəndaşlar, hərbçilər, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərində çalışan insanlarımız ermənilər tərəfindən basdırılan minaların qurbanı olur. Mina və müharibənin digər partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin inkişafına, insanların öz doğma yurdlarına qayıdışına mane olur.

Gerçəklik belədir ki, Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu beynəlxalq sənədlərə görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Belə ki, respublikamızın ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.

İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində əksəriyyəti mülki olmaqla 361 vətəndaşımız minaların - “gözəgörünməz düşmən”in qurbanı olub. Onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Bütövlükdə, 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 3400-dən çox vətəndaşımız zərər çəkib, 358 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3368 nəfər həlak olub və ya xəsarət alıb. Onu da xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb.

Vətən müharibəsindən sonra öz iqtisadi imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq işlərini sürətlə davam etdirən Azərbaycan həm də dünyada mövcud ən müasir texnologiyalardan istifadə edərək minatəmizləmə işlərini də uğurla həyata keçirir. Bütün bunlar ölkənin daxili resursları hesabına aparılır. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ancaq minalanmış ərazilər bundan daha genişdir.

Danılmaz həqiqətdir ki, minalar və müharibənin partlayıcı qalıqları insanların həyatına, sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, həm də ətraf mühitə, ekosistemə böyük zərər vurur, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur. Prezident İlham Əliyev mayın 30-da Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, mina partlayışları insanların həyatına təhlükə yaratmaqla, ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur: “Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır”.

Zahid Rza, “İki sahil”