25 may 2024 02:16
485

Müharibə bitdi... Bəs mina təhlükəsi necə?

Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq məlumatı paylaşmaqdan imtina edir.

 Bu sözləri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib. Diplomat bildirib ki, bununla da Ermənistan 30 il işğalda saxladığı bölgədə Azərbaycanın yenidənqurma səylərinin həyata keçirilməsinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtması prosesini bilərəkdən gecikdirir: "Münaqişə həm də Azərbaycanı dünyanın ən çox minalanmış və çirkləndirilmiş ölkələrindən birinə çevirdi. Təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış döyüş sursatları bölgədə mülki əhali üçün ciddi risklər yaradır".

Yaşar Əliyev qeyd edib ki, münaqişədən sonrakı dövrdə mina qurbanlarının sayını 360-a çatıb. Ancaq son vaxtlar erməni əsgərlərinin ayağı dəydiyi yerlərdə tez-tez mina partlayışı baş verir. Hələ yeri müəyyən olunmamış və partlamamış nə qədər mina bizim üçün yatmış təhlükə olaraq qalmaqdadır. Günahsız insanları dəfələrlə soyqırımlarına məruz qoyan, körpələrə, qadınlara, qocalara, xəstələrə rəhm etməyən, onları ağlagəlməz işgəncələrlə qətlə yetirən amansız cəlladlardan daha nə gözləmək olar? Hətta elə olub ki, özləri basdırdıqları minalara özləri də düşüblər. Lakin bunlar da onlara dərs olmayıb.

Deyirlər, düşmənin mərdi və namərdi olur. Bu fikirdə böyük həqiqət var. Ermənilər lap qədim dövrlərdən bəri öz namərdlikləri ilə tanınıblar. Bu mənfi  keyfiyyət onlarda o  həddə çatıb ki, hətta minaların təmizlənməsi barədə hamılıqla qəbul edilən beynəlxalq konvensiyalara məhəl qoymurlar. Yadımızdadır ki, üç il əvvəl Kəlbəcəri boşaldanda zəbt edib müvəqqəti yaşadıqları evlərin qapılarına partlayıcılar bərkidib getmişdilər. Qarabağda isə ağıla gələn və gəlməyən yerlərə-mənzillərə, neytral zonalara, əkin sahələrinə, örüş yerlərinə, idarə və müəssisə binalarının giriş-çıxışlarına və s. partlayıcılar qoymuşdular. Üç ildir ki, sakitlik olsa da basdırılmış minalar can almaqdadır. Namərd ermənilər bilərəkdən minalanmış ərazilərin xəritəsini Azərbaycana vermirlər. Hazırda iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına razılıq olmasına baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritələrini yenə də verməkdən yayınır.

Son bir həftədə təkcə Tərtər rayonunda iki nəfər minaya düşərək həlak olub. Ümumiyyətlə isə, burada həlak olanların sayı dəqiq məlum deyil. Çünki Tərtər bölgəsində hələ Birinci Qarabağ müharibəsi dövründə mina partlayışından həlak olanların hesabını heç kim aparmırdı. Burada da minalar gözlənilməyən yerlərdə-örüş və əkin sahələrində basdırılıb. Belə "işlərdə" xüsusi "yaradıcılığa" malik olan haylar hətta Tərtər çayı ilə də ərazilərimizə mina axıdırdılar.

Minalı sahələrin ərazisi o qədər genişdir ki, otən müddətdə onu  tam təmizləmək mümkün olmayıb. Çünki onların axtarılıb tapılması xeyli vaxt çəkir. Ümid ona qalıb ki, ölkələrimiz arasında sülh müqaviləsi bağlanandan sonra Ermənistan nəhayət, yola gələr, mina xəritələrini bizə verər və beləliklə, "yatmış ölümlər"dən az bir vaxtda xilas olarıq.

Vəli İlyasov, "İki sahil"