24 may 2024 00:44
455

Ermənilərin mina terroru davam edir

Beynəlxalq ictimaiyyət isə bu problemin həllinə kifayət qədər dəstək vermir

Hazırda azad edilmiş torpaqların minalardan təmizlənməsi prosesi sürətlə davam edir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Həmin ilin sonuna qədər  280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Ötən il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsinə 110,2 milyon manat yönəldilib. Bu rəqəm “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, işğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizləri mina və hərbi sursatlarla çirkləndirilib. Bu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da  öz əksini tapıb. Həmçinin azad edilmiş ərazilərdəki Köndələnçay, Tərtər, Qoşqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.

Minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən azad olunan ərazilərdə mayın 13-dən 19-dək 11 tank əleyhinə, 24 piyada əleyhinə mina, 16 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bir həftə ərzində 308.7 hektar ərazi minalardan təmizlənib.  Ötən il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib.

Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. Bunun bir səbəbi də rəsmi İrəvanın daim bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləməsidir. Bu günə kimi Azərbaycana təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin doğru olması bunu deməyə əsas verir.

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.

İşğalın davam etdiyi illər ərzində torpaqlarımıza yerləşdirilmiş minalar bu gün də can almaqda davam edir. Əsasən mülki insanlar mina partlayışlarının qurbanına çevrilirlər. Növbəti mina partlaması hadisəsi mayın 21-də qeyd alınıb. Belə ki, Tərtər rayonunun Həsənqaya kəndinin sakini,1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Baş verən hadisə Ermənistanın Azərbaycana qarşı dolayısı ilə apardığı terror-təxribat hərəkətlərinin bitmədiyinin göstəricisidir.

Ölkəmiz tərəfindən mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün xüsusi işlər aparılır. Mayın 23-də Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Leyden Universiteti və Niderlandın “Mine Mark Foundation” qeyri-hökumət təşkilatının birgə təşkil etdiyi mina problemlərinə dair beynəlxalq konfransda deyib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın mina problemini həll etmək səylərinə kifayət qədər dəstək vermir. Səfir təqdimat zamanı universitet tələbələrinə və Haaqada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə Azərbaycanda minatəmizləmə sahəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan QHT-lərinin fəaliyyəti barədə məlumatlar verib.

R.Mustafayev qeyd edib ki, Azərbaycan bu ilin noyabrında Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində minaların ekologiya və ətraf mühitə mənfi təsiri probleminə həsr olunmuş ayrıca tədbir keçirməyi planlaşdırır.

Bu günlərdə ANAMA rəsmisi ABŞ nümayəndə heyəti ilə mina problemini müzakirə edib. Belə ki, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov Amerika Birləşmiş Ştatlarının Men ştatınında fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi müharibədən sonrakı dövrdə mina təhlükəsi ilə bağlı real vəziyyət ətrafında fikir mübadiləsinin aparılmasıdır.

Görüşdə tərəflər işğaldan azad edilmiş ərazilərdə əlaqəli şəkildə həyata keçirilən bərpa-yenidənqurma fəaliyyəti, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq perspektivləri, eləcə də minatəmizləmə sahəsində yerli və beynəlxalq təşkilatların mümkün iştirakı barədə müzakirələr aparıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Nigar Orucova, “İki sahil”