Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Mövsümi xəstəliklərdən sayılan “bahar allergiyası” əsasən mart, aprel və may aylarında bir çox insanda baş verən allergiya növüdür. Ağacların və otların tozları allergik reaksiya nəticəsində insanlarda asqırma, burun tutulması, burun axması kimi şikayətlərə səbəb ola bilir. Maraqlıdır, mövsümi allergiya ilə bağlı hansı mühüm məlumatları bilməyimiz, nələrə diqqət etməyimiz zəruridir?
Allergik xəstəliklər ilin bütün aylarında qeydə alınsa da...
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-pulmonoloq-allerqoloqu Validə Vəliyeva mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırarkən diqqətə çatdırdı ki, allergiya orqanizmin hər hansı maddəyə yüksək, ifrat potaloji immun reaksiyasıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da allergik xəstəliklər gündən-günə artmaqda davam edir. Allergik xəstəliklər immun sisteminin bədənə daxil olan və ya onunla təmasda olan maddələrə qarşı yüksək həssaslıq reaksiyasıdır.
Asqırma, burun və gözlərin qaşınması, burun tutulması, rinoreya, tez-tez öskürək, nəfəs darlığı kimi əlamətlərlə özünü göstərir
Həkimin sözlərinə görə, allergik xəstəliklər ilin bütün aylarında qeydə alınsa da, mövsümi xarakter daşıyır. Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyaları, dərman allergiyaları və s. aiddir. Bunlardan mövsümi allergiyalar adından göründüyü kimi mövsümi xarakter daşıyır (payız və yaz allergiyası). Mövsümi allergiyalardan ən çox rast gəlinən pollinoz bitki tozu allergiyasıdır. İqlim və regional hava şəraitindən asılı olaraq polen allergiyası əhalinin 1-20 faizində yarana bilər. Çiçəkli bitkilər nə qədər çox olarsa, çiçəklənmə müddəti də bir o qədər uzun olar və külək, quruluq, istilik səbəbi ilə polenin yayılması bir o qədər çox olur və allergik reaksiyaların ehtimalı çoxalır. Bu mövsümdə çiçək tozcuqları tənəffüs yolu ilə orqanizmə daxil olduqda əsas kliniki təzahürü rinokonyuktivial sindromdur. Yəni, asqırma, burun və gözlərin qaşınması, burun tutulması, rinoreya, tez-tez öskürək, nəfəs darlığı kimi əlamətlərlə özünü göstərir.
Stress allergik xəstəlikləri də kəskinləşdirir
Mütəxəssis bildirdi ki, stress allergik reaksiyaların əmələ gəlməsində rol oynayaraq allergik xəstəlikləri də kəskinləşdirə bilir. Məsələn, bronxial astma zamanı stress faktoru triger rolunu oynayır. Yəni, bronxospazmı provokasiya edə bilər. Pollinozlu xəstələrdə dermatoz zamanı yaranan səpgilər qaşınma hissi ilə müşayiət olunur. Qaşıntı dəridəki sinir reseptorlarının qıcıqlanması nəticəsində yaranır. Stress isə bu prosesi artırır. Stress immun sistemi aktivləşdirib yaxud zəiflədə bilir.
Allerqoloq qeyd etdi ki, allergiya bütün yaş qruplarında təsadüf olunur. Klinik formasından asılı olaraq allergiya müxtəlif formalarda özünü göstərir. Məsələn, tənəffüs allergiyasına mövsümi və ilboyu davam edən allergik rinit, rinosinusit, traxeya, bronxit və ən ağır növü hesab edilən bronxial astma daxildir. Allergiyanın dəri formasına qaşınma, atopik dermatit, urtikar səpkilər, köpüşüklər və s. aid edilir.
Bu qidalardan istifadə etməmək məsləhətdir
Validə Vəliyeva vurğuladı ki, allergiyaya meyilli olan şəxslərin tərkibində kimyəvi maddələr, konservantlar, sitrus bitkiləri olmayan təbii qida maddələrindən istifadə etmələri tövsiyə olunur. Bitki tozlanması zamanı qida rasionuna göbələk və bitki mənşəli qidalardan istifadə etməmələri məsləhətdir (çarpaz reaksiyaların qarşısını almaq məqsədilə).
Allergiyanın səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asandır
Həmsöhbətimiz əlavə etdi ki, pollinozun profilaktikası qaydalarından istifadə etmək məsləhətdir. Quru və küləkli havada bayır çıxmamaq, hətta evdə olduqda belə tozcuqların evə daxil olmasının qarşısını almaq üçün qapı və pəncərələri bağlamaq, pəncərələrə xüsusi torlar quraşdırmaq, müntəzəm olaraq duş qəbul etmək, gigiyena qaydalarına riayət etmək, yataq otağında nəm təmizlik işləri aparmaq vacibdir. Eləcə də otaqlarda xalça, yumşaq oyuncaqları və s. toz və polen toplaya bilən hər şeyi izolyasiya etmək, bitki mənşəli dərmanlardan istifadə etməmək, hipoallergik pəhrizə riayət etmək, allergenlərin ən az olduğu yerdə ən çox təbii su hövzələrinin yanında istirahət etmək lazımdır. Xəstələri allergenlərdən eliminasiya etmək, ən azı allergenlə kontaktları azaltmaq, antihistamin preparatları qəbul etmək, göz və burun damcılarından istifadə etmək məsləhətdir. Allergiyanın səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asandır. Məsələn, kəskin övrə müalicəyə tabe olur, qida allergiyasıdırsa həmin qida rasiondan çıxarıldıqdan sonra problem tam aradan qalxır. Əgər dərman allergiyasıdırsa bu zaman xəstə bunu özündə qeyd etməlidir. Əgər xəstə tərəfindən dərmanın təkrar qəbulu olarsa, bu, allergiyanın ən təhlükəli fəsadı olan anafilaktik şokla nəticələnə bilər. Vaxtında həkim allerqoloqa müraciət etməklə xəstəliyin fəsadlarının inkişafının qarşısını almaq mümkündür. Bu da mütəxəssis tərəfindən dəri pric testlərin vaxtında qoyulması səbəbkar allergenin tapılması və spesifik immunoterapiya allergiyalı xəstələrin sağlam həyat tərzini təmin edə bilər.
Yaqut Ağaşahqızı, “İki sahil”