27 mart 2024 18:15
608

Biz unutmuruq, tarix də unutmasın

Ötən əsrin əvvəllərində ermənilər Azərbaycanda kütləvi qırğınlar törədirdi. Bu qırğınlar soy­qı­rım kimi həyata keçirilirdi. 1905-ci ildə törədilənlər mahiyyət baxımından 1917, 1918-ci illərdə də törədildi. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törətdilər, Bakıda, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda on minlərlə azər­baycanlını qətlə yetirdilər, yaşayış məntə­qələrini dağıtdılar, mədəniyyət abidələrini, məs­cid­ləri, qəbiristanlıqları dağıtdılar. 1918-ci ilin martın 30-dan aprelin 3-nə kimi Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetir­di. Bu qüvvələr Şamaxı qəzasında 86 kəndi dağıtdı, əhalisini kütləvi şəkildə qəddarlıqla öldürdü. Quba qırğınları zamanı 122 kənd tamamilə dağıdıldı. 3000-ə yaxın ev yandırıldı. Ermənilər əhalini qırmaq üçün təkcə odlu silahlardan istifadə etmirdi, həm də küt alətlərldən də istifadə edirdi.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə mart ayının 31-i Azərbaycanlıların Soyqırım Günü elan edildi.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılanda kütləvi mə­zar­lıq aşkarlandı. Bu, ermənilərin o vaxtlar törətdiyi soyqırımın təsdiqi idi. Məzarlıqda 50-dən çoxu uşaq, 100-dən çoxu qadın olmaqla 500-dək insan kəlləsi aşkarlandı. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi gerçəkliyi müdafiə etmək məqsədi ilə Azər­bay­can Respub­li­kasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərən­ca­mı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Azərbay­can Respublikasının Pre­­zi­denti cənab İlham Əliyev Memorial kompleksin açılışında dedi: “1918-ci ilin mart-iyul ay­larında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soy­da­şımız er­­məni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qara­bağ­da, Lənkəranda, demək olar ki, bütün Azərbaycan tor­paqlarında bizə qarşı soyqırımı törədil­mişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növ­bəti dəfə er­məni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”.

Ermənilərin Birinci Qarabağ müharibəsində Qazağın Bağanis Ayrım kəndində, Kəlbəcərin “Tunel” adlanan ərazisində, Başlıbel, Ağdabanda, Xocalının Meşəli, Xocavəndin Qaradağlı kəndlərində, Xocalıda, ... belə faciələr, soyqırımları törətdilər.  

Erməni-bolşevik silahlı dəstələrinin, ümumən ermənilərin ötən əsrdə də, bu əsrdə də  azər­bay­canlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə da­ha dolğun çatdırıl­ması məqsədilə Azərbaycan Respublikasının Pre­zidenti cənab  İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Bu sərəncam soyqırımın 100 illiyinin, həm də 100 illikdən sonrakı illərin tarix kimi xa­tır­lan­ma­sı­nı təmin etdi...

31 mart Azərbycanlıların Soyqırım günü bütün dövrlərdə ermənilərin törətdiyi vəhşiliklərin qurbanlarının xatırəsinin anım günüdür. Biz unutmuruq, tarix də unutmasın...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı