05 mart 2024 01:14
478

Yenə də qeyri-dəqiq, etibarsız və natamam... - Mina xəritələri

Azərbaycan ərazilərində kütləvi şəkildə minaların, digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükədir.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, işğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizləri mina və hərbi sursatlarla çirkləndirilib. Bu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da  öz əksini tapıb. Həmçinin azad edilmiş ərazilərdə Köndələnçay, Tərtər, Qoşqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.

Məhz Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının 1-dək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10440 ədəd piyada əleyhinə, 3301 ədəd tank əleyhinə mina və 12693 ədəd partlamamış döyüş sursatı aşkar olunub.

Təəssüf ki, danışıqlar çərçivəsində rəsmi İrəvan daim bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyib. Bu günə kimi Azərbaycana təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin doğru olması bunu deməyə əsas verir. Hələ fevralın 12-də Ermənistan tərəfi işğaldan azad olunmuş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib. Təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.

Digər tərəfdən, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təhvil verilməsi məsələsinin ləngidilməsi birbaşa Qərb blokunun direktivləri əsasında reallaşmışdır. Lakin biz burada da ikili standartlarla qarşılaşırıq. Məsələ burasındadır ki, sözdə vasitəçilik iddiasında olan, əslində isə Ermənistanı dəstəkləyən Fransa, ABŞ, Avropa İttifaqı (Aİ) kimi qüvvələr bu məsələyə səssiz yanaşırlar. Aydındır ki, demokratiyadan, insan haqlarından ağızdolusu danışan Qərb üçün insan taleyi heç də əhəmiyyətli deyil. Əgər bu qüvvələr regionda sülh istəsəydilər  mina xəritələrinin Bakıya verilməsi məsələsində konkret mövqe ortaya qoyardılar. İşğalın davam etdiyi illər ərzində torpaqlarımıza yerləşdirilmiş minalar hələ də can almaqda davam edir. Əsasən mülki insanlar mina partlayışlarının qurbanına çevrilirlər. Növbəti mina partlaması hadisəsi martın 3 - də qeyd alınıb. Belə ki, Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlu mina partlayışı nəticəsində xəsarət alıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır və Bəxtiyar Abbasovun vəziyyəti ağır qiymətləndirilir.

Baş verən hadisə Ermənistanın Azərbaycana qarşı dolayısı ilə apardığı terror-təxribat hərəkətlərinin bitmədiyinin göstəricisidir. Son mina hadisəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib. Paylaşımda qeyd edilir ki, Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Qeyd olunur ki, 2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı qurban olub.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirib. O, qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir.

Nigar Orucova, “İki sahil”