13 fevral 2024 01:15
352

Günün tələbi: Hərbçilərə yüksək diqqət və qayğı...

Cəmiyyətin tərkib hissəsi olan orduda hərbi xidmətkeçmə şəraitinə və xüsusiyyətlərinə görə digər fəaliyyət sahələrindən fərqlənir. Məhz buna görə də hərbi xidmətkeçmə qaydaları, eləcə də hərbi xidmət keçən vətəndaşların vəzifə və hüquqları xüsusi qanunvericilik aktları ilə tənzimlənir. Belə ki, hərbi qulluqçuların hüquqi statusu və sosial təminatları Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.

Hərbçilərimizin pensiya təminatı, müavinətlərinin artırılması istiqamətində ardıcıl addımlar atılmaqdadır. 2021-ci ildən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin ödənilməsinin təmin edilməsi, hərbçilərin pensiya təminatının təkmilləşdirilməsi və pensiyalarının digər əmək pensiyaçıları kimi hər il indeksləşdirilməsi bu istiqamətdə yürüdülən siyasətin tərkib hissəsini təşkil edir.

Bu siyasətin növbəti təzahürü kimi 2024-cü il yanvarın 1-dən Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin artırılmasını qeyd edə bilərik. Dövlətimizin başçısının ötən ilin 7 noyabr tarixində imzaladığı müvafiq Fərmana əsasən, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Eləcə də Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları 2024-cü il yanvarın 1-dən etibarən, 20 faiz artırılıb.

Azərbaycanın hərbi-müdafiə xərclərinin artımı son 20 ildə xüsusilə nəzərə çarpır. 2003-cü ildə bu sahəyə yönəldilən dövlət xərclərinin məbləği 150 milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Bu, o deməkdir ki, son 20 ildə hərbi xərclər 40 dəfə artırılıb. Yəni hərbi xərclər ümumi büdcə xərclərini adekvat olaraq nominal faiz baxımından hər il üstələyib.

Xüsusilə də 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra ordu quruculuğu ilə yanaşı, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsi prioritet siyasət kimi diqqətə saxlanılmaqdadır. Belə ki, 2021-ci ildə büdcədən ayrılan müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği 4 milyard 585 milyon manat, 2022-ci ildə 5 milyard 84 milyon manat, 2023-cü 6 milyard 54 milyard manat təşkil edib. 2024-cü ildə isə xüsusi təyinatlı alışlar üzrə xərclər istisna olmaqla, müdafiə və milli təhlükəsizlik xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin həcmi 6 milyard 421 milyon manat təşkil edir. Bu xərclərin strukturunda sözsüz ki, hərbçilərin sosial təminatı ilə bağlı vəsaitlər də əhəmiyyətli yer tutur.

Bundan başqa, dövlət başçısının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiya tərəfindən hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması prosesi icra olunmaqdadır. Son 10 ildə dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 3646 nəfər hərbi qulluqçu və 26 şəhid olmuş hərbi qulluqçunun ailəsi mənzillərlə təmin olunub. Təkcə 2023-cü ilin dekabr ayında 473 nəfər hərbi qulluqçu Bakı şəhərində və Abşeron rayonunda tam təmirli mənzillərlə təmin olunub, 953 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilib və yaxın müddətdə onların evlə təmin edilməsi gerçəkləşəcək. Eləcə də qarşıdakı illərdə komissiya tərəfindən digər mənzilə ehtiyacı olan hərbçilərin sosial vəziyyəti araşdırılmaqla onların da mənzil almaq hüququ qazanması təmin olunacaqdır.

Hərbi qulluqçulara şamil edilən sosial tədbirlərin daha bir təzahürü onların güzəştli ipoteka proqramından daha öncül qaydada yararlanmasıdır. Dövlət tərəfindən bir sıra güzəştlər verilməklə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini qarşılanır. Bu da  hərbçilərin sosial təminatının yaxşılaşdırılması yönündə diqqət və qayğısının daha bir nüminəsidir.

Göstərilən qayğının qarşılığında hərbçilərimizin üzərinə yalnız bir vəzifə düşür - torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq.

Nigar Orucova, “İki sahil”