13 fevral 2024 02:58
408

Növbəti dəfə saxta və yararsız…

Ermənilərin mina xəritəsi hiyləgərliyinə başqa ad vermək mümkün deyil

Xəbər verildiyi kimi, Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında bildirilir. Qeyd olunub ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. Normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib. Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. Azərbaycan 44 günlük müharibədən sonra Ermənistana və Qarabağdakı separatçılara nəhayət, adam olmaq üçün fürsət yaratdı. Amma onlar “yeni təmas xətti” qurmaqdan ötrü Azərbaycanın qısa müddətə çəkdiyi Laçın yolundan Qarabağa silah-sursat, mina daşıdılar.

Məlumdur ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25 faiz təşkil edib. Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi olarıq. Azərbaycan Müdafiə Nazirliyinin son açıqlaması kifayət qədər həyəcan doğurur. Məlum olur ki, 44 günlük Vətən müharibəsindən sonra 480 km-ə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Nazirliyin məlumatına görə, Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə də magistral yolların üzərində basdırılıb. Azərbaycan Ordusunun mühəndis bölmələri işğaldan azad edilmiş ərazilərdə 36 min hektaradək ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyiblər. Nəticədə 10 400 piyada əleyhinə mina, 3300 tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı aşkarlanıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir müddət öncə “X” hesabında paylaşımında qeyd etmişdi ki, 1991-ci ildən indiki dövrə qədər Azərbaycanda 3415 nəfər mina qurbanı olub. Onlar arasında 357 uşaq və yeniyetmə, 38 qadın var. Bu açıqlamadan sonra da mina qurbanı olanlarımız oldu. Dəhşətli rəqəmlərdir: bir orduya bərabər mina qurbanı! Təkcə 44 günlük müharibədən sonrakı mina qurbanlarının sayı 342 nəfərə çatıb. Özü də düşmən bu minaların bir çoxunu Azərbaycanın humanizmindən sui-istifadə edərək basdırıb. Elə bir günlük antiterror tədbirlərinin keçirilməsinə də səbəb Qarabağdakı cinayətkar rejimin mülki sakinlərimizə və polislərimizə qarşı mina terrorunu həyata keçirməsi oldu.

Azərbaycan dövləti vətəndaşlarının minadan daha çox zərər çəkməməsi üçün azad olunmuş ərazilərə səfərləri məhdudiyyətlərlə həyata keçirir. Bəzən bu qərar birmənalı qəbul olunmur. Amma təkcə 2020-ci ilin 10 noyabrından sonra yaranmış “yeni təmas xətti” boyunca basdırılan minaların sayı dövlətimizin tamamilə doğru qərar verdiyini təsdiqləyir. Təsəvvür edin fəlakətin miqyasını: 480 km-ə qədər təmas xətti boyunca, 2 km dərinliyə qədər mina sahəsi! Bu ərazilərin təmizlənməsi üçün nə qədər vaxt, əziyyət, maliyyə lazımdır. Lakin əfsuslar olsun ki, beynəlxalq səviyyədə bu məsələ ilə bağlı Ermənistana hər hansı təsir və ya təzyiq yoxdur. Dünyanın aparıcı dövlətlərinin Ermənistanın mina terroruna seyrçi qalması, dəqiq mina xəritələrini Azərbaycana təhvil vermədiyi üçün İrəvana təsir etməməsi ikili standartların daha bir nümunəsidir. Hazırda beynəlxalq hüquq ədalət prinsipinə əsaslanmır. Hüququn özü var, beynəlxalq prinsiplərə əsaslanır, amma tətbiqində ədalət yoxdur. Azərbaycana qarşı qərarlar qəbul edən Avropa Parlamenti, AŞPA kimi qurumlar, Avropa paytaxtlarının ayrı-ayrı qurumları faktlar qarşısında kor, kar qalmağı üstün tuturlar. Frank Şvabenin gözləri görmürmü bu insanlıq fəlakətini, müharibə cinayətini? Bütün bunlardan sonra nə qədər həyasız olmaq lazımdır ki, Azərbaycana mina tələsini “hədiyyə” edib getmiş separatçılara qahmar durasan?

Sevinc Azadi, “İki sahil”