12 fevral 2024 12:16
886

Qərbi Azərbaycan kəndləri – Ağkilsə

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. 

“İki sahil” Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.

Ağkilsə kəndi Qaraqoyunlu mahalı ərazisində, Karvansaray rayonunda, rayon mərkəzindən 27 kilometr cənub-qərbdə, Polad Ayrım kəndindən 6 kilometr məsafədə yerləşir. Qərbi azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə ancaq azərbaycanlılar yaşayırdı.

“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə (1727) Gəncə livasının Qaraqaya nahiyəsinin Ağkilsə məzrəsi kimi qeydə alınıb. Həmin mənbədə kəndin indiki Çəmbərək rayonu ərazisindəki Darılıq kəndi ilə yanaşı verilməsi (“Darılıq kəndi və Ağkilsə məzrəsi” şəklində) onların yanaşı yerləşməsi fikrini söyləməyə əsas verir.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Göyçə nahiyəsində iki Ağkilsə kəndi qeydə alınıb. Bunlardan biri, bizim qənaətimizə görə, Osmanlı xəzinəsinə 7325 ağça vergi ödəyən və Basarkeçər ərazisindəki böyük Ağkilsə kəndi, “digər Ağkilsə kəndi” kimi qeyd olunan isə xeyli kiçik və Osmanlı xəzinəsinə cəmi 2890 ağça vergi ödəyən və Karvansaray rayonu ərazisindəki Ağkilsə kəndidir.

Bəzi mənbələrdə kəndin adına Ağkilis şəklində də rast gəlirik.

Kəndin Ağkilsə adının çox sadə etimoloji izahı var. Belə ki, Qərbi Azərbaycan ərazisindəki Ağkilsə adlı kəndlərin əksəriyyətində tarix boyu erməni əhali yaşamadığı üçün belə toponimlərin erməni ilə heç bir əlaqəsi yoxdur. Deməli, ya söhbət qeyri-müsəlman (çox vaxt da xristian) türk əhalidən getməlidir, ya da adın islamaqədərki mənşəyindən danışmaq lazım gəlir. Məlum olduğu kimi, “kilsə” ərəb sözü olub vaxtilə atəşgah məbədlərinə şamil edildiyi halda, atəşpərəstlik aradan çıxdıqdan sonra bölgədəki digər qeyri-müsəlman, o cümlədən xristian məbədlərinə də aid edilməyə başlanıb.

Beləliklə, Ağkilsə kənd adının “ağ rəngli daşdan tikilmiş kilsə” anlamında olması fikri (B.Budaqov, Q.Qeybullayev, S.Mirmahmudova) inandırıcıdır. Kəndin isə ərazisində yerləşən bu məbəddən ad alması özlüyündə aydındır.

Qərbi Azərbaycan ərazisində Vedi, Basarkeçər, Keşişkənd, Düzkənd rayonlarında Ağkilsə adında kəndlər vardı.

Kənddə 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 130 nəfər, 1919-cu ildə 151 azərbaycanlı yaşayırdı.

1919-cu ilin əvvəllərində erməni daşnak quldur dəstələri Dilican tərəfdən kəndə hücum edərək əhalinin bir hissəsini qətlə yetirib, sağ qalanların var-dövlətlərini əllərindən alaraq özlərini də doğma yurddan vəhşicəsinə qovublar.

Ermənistanda sovet hökuməti qurulduqdan sonra kəndin qaçqın əhalisinin bir qismi geri qayıdıb və dağılmış kəndi bərpa edib. 1922-ci ildə kənddə 132 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 166 nəfər, 1959-cu ildə 187 azərbaycanlı yaşayırdı.

Kənd 1930-cu ilə kimi Dilican rayonunun ərazi-inzibati bölgüsünə daxil olub.

Sovet dövründə Ağkilsə kəndi və ondan çox yüksəklərdə, Göyçə gölünün şərqindəki yaylanın arxasında yerləşən Murteyil kəndi birlikdə Polad kənd sovetliyinə və eyniadlı kolxoz, sonralar isə sovxoz təsərrüfatının tərkibinə daxil idi. Hər üç kəndin əhalisi 1948-1953-cü illərin deportasiyasına məruz qalaraq bir hissəsi Qazax rayonuna köçürülüb.

Ağkilsə kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Kənddə səkkizillik məktəb fəaliyyət göstərirdi. Kənddə Qarayekələr (Ocaqqulular), Rüstəmlilər, Arıxlılar, Şahmarlılar, Şeydalar kimi tayfalar yaşayırdılar. 1987-ci ildə kənddə 70 təsərrüfatda 154 azərbaycanlı olub. 1988-ci il noyabrın axırlarında erməni quldur dəstələri kənd camaatının var-yoxunu əllərindən alaraq onları sonuncu adamına qədər qovub kənddən çıxardılar. Kəndin əhalisi indi Azərbaycanın, demək olar ki, bütün rayonlarına səpələnib. 1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilərək Cermakavan qoyulub.