"Açıq qapı" aksiyasında bu məsələlərə aydınlıq gətirilib
Fevralın 2-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Aksiyada Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, 2023-cü il ərzində «Azəriqaz»a müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 12 715 müraciət daxil olub.
Şöbə rəisinin sözlərinə görə, bunlardan 5 461 müraciət «Opentext» elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: «Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. «Opentext» proqramı vasitəsilə daxil olan müraciətlərin sayı 2022-ci illə müqayisədə 1 027 müraciət azdır».
O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: «Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib».
Birliyin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov tədbirdə ölkə üzrə istehlak edilən qazın həcmini açıqlayıb. Bildirib ki, fevralın 1-də respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 43 milyon 441 min kubmetr təşkil edib.
Onun sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 25 milyon 644 min kubmetr, regionlar üzrə isə bu rəqəm 17 milyon 797 min kubmetr təşkil edib: «Respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulunun 59 faizi Bakı və Abşeron yarımadasının, 41 faizi isə regionların payına düşüb.»
R. Əhmədov bildirib ki, bu, ötən ilin müvafiq tarixinə qazın qəbulu üzrə göstərici 36 milyon 071 min kubmetr səviyyəsində olub: «Beləliklə, ötən ilin ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin fevralın 1-də Birlik 7 milyon 371 min kubmetr artıq qaz qəbul edib, bu da temperatur şəraiti ilə bağlıdır».
Yanvar 2024-cü ildə «Azəriqaz» İB üzrə qəbul operativ məlumata əsasən 1 milyard 288 milyon 633 min kub metr təşkil etmişdir. «Azəriqaz İB –nin tarixində suikalıq ən çox qəbul olunan təbii qazın miqdarı 24 yanvar 2024-cü il tarixində qeydə alınmışdır. Belə ki, həmin gün respublika ərazisini əhatə etməklə ümumi sutkalıq qazın qəbulu 47 milyon 376 min kubmetr təşkil etmişdir.
Tədbirdə jurnalistləri maraqlandıran digər suallar da cavablandırılıb.
Elçin Zaman, «İki sahil»