09 noyabr 2026 16:31
129

Elçin İbadov: SOCAR Türkiye"nin aktivləri 692 milyard lirəyə çatıb

Ötən il "SOCAR Türkiye"nin ümumi aktivlərinin dəyəri 692 milyard türk lirəsinə (təxminən 13,79 milyard ABŞ dollara) çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə strukturu olan "SOCAR Türkiye Enerji"nin baş icraçı direktoru Elçin İbadov bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə şirkətin investisiya xərcləri təqribən 19 milyard ABŞ dolları səviyyəsinə çatıb: "Bu göstəricilər mürəkkəb makroiqtisadi şəraitdə belə investisiya öhdəliklərimizdən geri addım atmadığımızın aydın göstəricisidir".

E. İbadov vurğulayıb ki, hesabat dövründə enerji və neft-kimya sahələri üçün açıq-aşkar çətin bir mərhələ olub: "Neft bazarlarında təklifin bolluğu qiymətlər üzərində təzyiqi gücləndirərkən, Asiya mənşəli güc artımları neft-kimya marjalarını tarixi orta göstəricilərdən aşağı endirib; yüksək təbii qaz qiymətləri isə tələb dinamikasını məhdudlaşdırıb. Eyni zamanda, valyuta məzənnəsindəki dalğalanmalar və davam edən geosiyasi qeyri-müəyyənliklər əməliyyat xərclərini əlavə təzyiq altına alıb.

Bütün bu amillərə rəğmən, "SOCAR Türkiyə" əməliyyat dayanıqlılığı, strateji çevikliyi və güclü daxili səmərəlilik mədəniyyəti sayəsində dəyər yaratmağa davam edib".

O, yeni investisiyalar istiqamətində isə həlledici strateji addım kimi "İç Anadolu Təbii Qaz Kombinə Edilmiş Tsikl Elektrik Stansiyası"nın (İÇAN) alınmasını başa çatdığını qeyd edib.

"Bu yatırım SOCAR-ın "Təbii Qazdan Elektrik İstehsalı" strategiyasını həyata keçirərək enerji təchizatı və istehsalı fəaliyyətlərimizi inteqrasiya edən, dəyər zəncirini yuxarıya doğru genişləndirən əhəmiyyətli bir addım olub"

E. İbadov əlavə edub ki, İstanbul Hava Limanının müstəsna reaktiv yanacaq təchizatçısı olan "TFS Akaryakıt Hizmetleri" şirkətindəki 25 %-lik pay vasitəsilə SOCAR aviasiya seqmentindəki strateji mövcudluğunu gücləndirdi.

"Qrupa daxil olan şirkətimiz -"SOCAR Terminal" ötən il qlobal konteyner daşımalarının aparıcı şirkətlərindən biri olan "Mediterranean Shipping Company" (MSC) ilə strateji tərəfdaşlıq müqaviləsi bağladı. Bu əməkdaşlıq çərçivəsində Egey dənizinin ən iri konteyner limanı olan "SOCAR Terminal"da gerçəkləşdirəcəyimiz birgə investisiyalarla Türkiyənin qlobal təchizat zəncirindəki rolunu daha da möhkəmləndirəcəyik", - o bildirib.

Qeyd edək ki, 2006-cı ilin sonlarında təsis edilən "SOCAR Türkiye" Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahələrində fəaliyyət göstərir. Şirkət "Petkim Petrokimya Holding"in 51 %-lik səhm paketinə nəzarət edir, STAR neft emalı müəssisəsi, konteyner terminalı və elektrik stansiyası inşa edib, üstəlik daxili bazara qaz tədarükü və Türkiyənin bir neçə böyük şəhərindəki hava limanlarında təyyarələrin yanacaqdoldurma stansiyalarına yanacaq təchizatı ilə fəaliyyət göstərir.