23 dekabr 2023 18:51
423

Naxçıvandakı tarixi abidələrin bərpası zamanı bir sıra yanlışlıqlara yol verilib

Dekabrın 22-23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət nazirinin müavini Həsən Seyidov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və memar Ferhat Keten Naxçıvanda yerləşən bir sıra tarixi və memarlıq abidələrinə baxış keçiriblər.

Muxtar respublikanın Mədəniyyət Nazirliyindən “İki sahil”ə bildirilib ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvandakı tarixi abidələrin mövcud vəziyyətini dəyərləndirmək, həmçinin aparılacaq təmir-bərpa işləri ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Səfərin birinci günü Naxçıvan şəhərində İsmayılxan hamamında, Mömünə Xatın türbəsində, Xan Sarayında, Yusif ibn Küseyir türbəsində, İmamzadə Kompleksində, Naxçıvan Buzxanasında, eyni zamanda, Kəngərli rayonunda yerləşən Qarabağlar Türbə Kompleksində və nekropol ərazisindəki qədim tikililərə baş çəkən olan mütəxəssislər aparılan bərpa işlərindən danışıblar. Naxçıvanın tarixi abidələrinə heyranlığını dilə gətirən Oğuz Ceylan bərpa zamanı yol verilən yanlışlıqlardan söz açıb. Qeyd edib ki, hər biri ayrılıqda xüsusi önəm daşıyan abidələrin restavrasiyasında beton və digər yad məmulatlardan istifadə edilməsi yolverilməzdir.

Abidələrin üzəri metalla örtüldüyü, ətrafına sıx şəkildə daş döşəndiyi üçün buxarlanma normal getmir, qrunt suları abidələrdə nəmişlik yaradır. Bu da gələcəkdə onların məhv olmasına səbəb ola bilər. Abidələr üzərinə çəkilən boya və beton üzlüklərdən təmizlənməli, ilkin görüntüləri nəzərə alınmaqla tarixi sübutlar əsasında yenidən restavrasiya olunmalıdır.

Səfər çərçivəsində mütəxəssislər dekabrın 23-də Culfa və Ordubad rayonlarında da olublar. Əvvəlcə Culfa rayonunda yerləşən Gülüstan türbəsi, sonra Ordubad rayonunun ərazisində yerləşən Xarabagilan arxeoloji abidəsi, Came məscidi, Ordubad mədrəsəsi, Sərşəhər məhəlləsi və məscidi, həmçinin Ordubad hamamı ilə tanışlıq olub, abidələrin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dövlət Proqramının icrası ilə bağlı Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq.