23 dekabr 2023 00:23
727

Tarixi qayıdışın növbəti ünvanı: Qərbi Azərbaycan

Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında bildirib: “Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.

Dövlət başçısının qeyd etdiyi kimi, qarabağlılar artıq öz doğma torpaqlarına qayıdır, azərbaycanlıların növbəti qayıdacaqları yer Qərbi Azərbaycan olacaqdır. İllər öncə Qərbi Azərbaycandan deportasiya olunmuş insanlar öz doğma torpaqlarına qayıdıb orada yaşamaq arzusunun reallaşacağı günü səbirsizliklə gözləyirlər. Prezident İlham Əliyev hələ ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə xatırlatmışdı ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ budur: “Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüquqlarımızı tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik”.

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi ilə bağlı 26 yanvar 2023-cü il tarixində qəbul edilən Qayıdış Konsepsiyasında əks olunduğu kimi, Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun  konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Ermənistan Respublikası azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır.

Konsepsiyada əksini tapan digər bir məqam isə qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışacaq. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində Mülki və siyasi hüquqlar haqqında Paktda BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasında və 1967-ci il Protokolunda və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.

Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar Qərbi Azərbaycana qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir.

Nigar Orucova, “İki sahil”