18 dekabr 2023 12:15
1298

Başa düşürsən ki, əziyyətin qiymətləndirilir...

Bu mükafatdan söz düşəndə belə deyəcəyəm…

İstər keçmiş sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Ulu Öndər Heydər Əliyev sənət adamlarına,  elm xadimlərinə, həmçinin təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb və onların əməklərini layiqincə dəyərləndirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün onlara fəxri adlarla bərabər müxtəlif orden və medallar, təqaüd və mükafatlar verilir. Şübhəsiz, bütün bunlar sənət, təhsil adamlarının əməyinə göstərilən diqqətdir.

Dekabrın 13-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə bu təhsil ocağının bir qrup əməkadaşının təltif edilməsi haqqında  Sərəncam imzalayıb. Həmin sənədə əsasən, 7 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. Bir nəfərə “Əməkdar incəsənət xadimi”, 9 nəfərə “Əməkdar müəllim” fəxri adları verilib. 4 nəfər isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Nə gizlədim, qürur hissi keçirirəm

Prezidentin fərdi təqaüdünə layiq görülənlər arasında tanınmış tarzən, ifaçılıq sənətimizdə öz dəst-xətti ilə tanınan 78 yaşlı Xalq artisti Vamiq Məmmədəli oğlu Məmmədəliyev də var. Sevincini “İki sahil”lə bölüşən Vamiq Məmmədəliyev bildirdi ki, o, xeyli müddətdir ki, kökləri minilliklərə söykənən muğam sənətini tədris edir: “Gənc xanəndə və müşayiətçilərin yetişməsində, onların xalq tərəfindən tanınmasında da fəal iştirak edirəm. Bu mənada deyərdim ki, Prezidentin fərdi təqaüdünə layiq görülməyib zəhmətimins bəhrəsidir. Nə gizlədim, həm bir tarzən, həm də pedaqoq kimi belə yüksək mükafata layiq görüldüyümə görə qürur hissi keçirirəm. Şübhəsiz, bu mükafat məni gənclərin təhsili sahəsində fəaliyyətimi daha da genişləndirməyə ruhlandıracaq. Çoxillik zəhmətimə belə dəyər verdiyinə görə dövlət başçımıza təşəkkürümü bildirirəm”.

Müsahibimiz daha sonra dedi: “2023-cü il  tariximizdə ən əlamətdar il kimi yaddaşlarda qalacaq. Belə ki, bu il həm “Heydər Əliyev İli”, həm də Azərbaycan dövlətinin öz torpaqlarında suverenliyini tam bərpa etdiyi ildir. Mənim də bu mükafata layiq görülməyim məhz belə bir möhtəşəm ilə təsadüf edir. İndiyədək alldığım hər bir medalın, mükafatın həyatımda  öz yeri olsa da, bu mükafat mənim üçün çox dəyərli və əzizdir. Bu mənada özümü xoşbəxt sənətkarlardan biri hesab edirəm. Şübhəsiz, bu mükafatdan söz düşəndə belə deyəcəyəm: “Bu mükafata “Heydər Əliyev İli”ndə və suverenliyimizin tam bərpa olunduğu  ildə layiq görülmüşəm”.

Mükafat təqdim olunanda başa düşürsən ki, əziyyətini qiymətləndirirlər

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunan Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal isə bu sözləri dedi: “Hər bir mükafat yaradıcı insanı sevindirir. Sözün düzü, bu mükafat məni çox sevindirdi və qürurlandırdı. Həm teatrda, həm də universitetdə işləyirəm və öz sənətimi sevirəm. Amma mükafata görə çalışmıram, ancaq mükafat təqdim olunanda başa düşürsən ki, əziyyətini qiymətləndirirlər. Bu, gözəl hissdir”.

Xalq artisti İlham Namiq Kamal, həmçinin bildirdi ki, o, Mədəniyyət və incəsənət Universitetində 1995-ci ildən çalışır: “O dövrdə mən teatrda işləyirdim. Bir gün  bu təhsil ocağına rəhbəri hörmətli Timuçin Əfəndiyev  mənə dedi ki,  ay İlham, sənin Adil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov kimi müəllimlərin olub. Bəs niyə müəllimlərin kimi  pedaqoji sahədə çalışıb tələbə yetişdirmirsən? Bu haqlı iraddan sonra mən Mədəniyyət və İncəsənət Universitetində işləməyə başladım. Uzun illər bu təhsil ocağında kafedra müdiri oldum. Hazırda musiqili teatr aktyorluğu kafedrasının məsləhətçi professoruyam. Yeri gəlmişkən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə təltif olunanların hər birini təbrik edir, onlara təhsil sahəsində uğurlar diləyirəm. Bildiyiniz kimi, hazırda bu təhsil ocağının rektoru Ceyran Emin qızı Mahmudovadır. Rektorumuz sözügedən Sərəncamla “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Qvami Məhəbbətoğlu, “İki sahil”