08 dekabr 2023 14:30
677

Xalqımın xilaskarı - FOTO

Qədim və zəngin sənət ənənələrinə malik, milli mədəniyyətimizin təbliği, böyük sənətkarlarımızın yetişdirilməsi sahəsində fədakar xidmətləri olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı əsl sənət məbədi kimi bu gün də milli teatr tariximizi zinətləndirməkdədir. Təqdirəlayiq haldır ki, vətənpərvər repertuarı ilə hər zaman seçilən  teatr son illərdə siyasi-tarixi əsərlərə də cəsarətlə müraciət edərək uğurlara imza atır. Bu repertuarda hər bir teatr üçün böyük şərəf və eyni dərəcədə məsuliyyət sayılan, Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyaşar obrazının canlandırıldığı tamaşalar xüsusi yer tutur. İstisnasız demək olar ki, Naxçıvan teatrı bu sahədə uğurlu ənənə formalaşdırmışdır. 

2008-ci ildə teatrda professor, yazıçı-publisist Adil Babayevin ”Koroğlunun Çənlibelə qayıdışı” əsəri ərsəyə gətirilmiş, xalq qəhrəmanı Koroğlu ilə Ulu Öndərimizin müqəddəs ideallar uğrunda yorulmaz mübarizə aparan obrazları məharətlə çulğalaşdırılmışdır. İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında 2015-ci ildə hazırlanmış eyniadlı tamaşada isə dahi siyasətçinin müqəddəs ideallarının, mübarizliyinin poetik səhnə təcəssümünün şahidi olduq. Anşlaqla keçən hər iki tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyevdir. Dahi şəxsiyyət kimi həm də milli ədəbiyyatımızın, incəsənətimizin qədirşünası, kamil bilicisi olan Ümummilli Liderimizin 100 illik yubileyi münasibətilə teatr sənətsevərləri daha bir ərməğanla sevindirdi. Tanınmış yazıçı-dramaturq,  professor, Əməkdar jurnalist Aqşin Babayevin 1993-cü ildə qələmə aldığı “Xilaskar” pyesi yeni səhnə təcəssümü qazandı.    Əsərin ideya-siyasi aktuallığını təsdiq etmək üçün təkcə bu faktı xatırlatmaq kifayətdir ki, Heydər Əliyevin bədii obrazını səhnəyə gətirən və bu sahədə ciddi yaradıcılıq uğuru qazanan ilk dramaturq Aqşin Babayev “Xilaskar” pyesini özünün şah əsəri adlandırmış, əsər dəfələrlə səhnələşdirilmışdır. Pyes Azərbaycan xalqının böyük xilaskar oğlu, Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə rəhbərliyə gəlişinə həsr olunmuşdur. Məlumdur ki, 1990-cı illərdə Azərbaycanın ictimai-siyasi həyatında anarxiya, siyasi böhran hökm sürürdü. O zamankı sovet dövlətinə arxalanan rəhbərlik hakimiyyətdən getmək istəmirdi. Xarici əleyhdarların təsirləri, daxili münaqişə respublikanın, xalqın taleyini məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Pyesin əsasında da məhz belə bir problem durur. Bu sənədli-publisistik pyes konkret tarixi faktlar, stenoqram yazılar əsasında işlənmişdir. Həmin mürəkkəb tarixi hadisələrin fəal iştirakçıcı olan, Heydər Əliyevi dahi şəxsiyyət kimi yaxından tanıyan müəllifin bir ictimaiyyətçi, yazıçı və jurnalist kimi sağlam siyasi düçüncəsi, əqidə bütövlüyü əsərdə aydın əks olunur. Qeyd edək ki, bu sənədli-publisistik əsəri Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov səhnə üçün uğunlaşdırmaqla pyesə daha zəngin dinamik çalarlar, yeni bədii məziyyətlər gətirib. Yuxarıda da qeyd edildiyi kimi, artıq müasir mövzulu siyasi-tarixi əsərlərin uğurlu səhnə həllində təcrübəsi olan rejissor, Xalq artisti Kamran Quliyevin yozumunda əsərin əsas ideyası – Azərbaycanın yaxın tarixindəki təbəddülatlar dövrü, siyasi çəkişmələr, milli təfriqə, xalqın öz xilaskarına tapınması və bunun sayəsində qələbə qazanması uğurlu səhnə həllini tapmışdır. Düzgün aktyor seçimi nəticəsində müxtəlif tipli tanış simaların bədii obrazlarının uğurla canlandırılması, dramaturji konfliktlərin dinamik templə bir-birini izləməsi uğurlu rejissor işidir. Tamaşanın ikinci rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevdir.

Əsərin qəhrəmanı uzaqgörən siyasətçi, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevdir. Uğurlu ədəbi priyomdur ki, bu obraz siyasi-tarixi dəyərinə görə səhnədə az görünür, buna baxmayaraq, gərgin dramaturji konfliktlə müşaiyət olunan siyasi proseslər, xalqın ölüm-dirim mübarizəsi məhz Onun adı, şəxsiyyəti ətrafında uğurla cərəyan etdirilir. Sərt və qətiyyətli baxışları, inamlı yerişi, aydın, nüfuzedici nitqi – bir sözlə güclü xarizmatik xüsusiyyətləri milli yaddaşımıza əbədi həkk olunmuş, xalqın səcdəgahına çevrilmış Ulu Öndərin obrazını yüksək səviyyədə canlandırmaq şərəf işi olmaqla yanaşı, həm də böyük məsuliyyət tələb edir. Yuxarıda bəhs olunan tamaşalarda da Ümummilli Liderin bədii obrazını peşəkarlıqla ifa edən Xalq artisti Rza Xudiyev bu çətin və şərəfli işin öhdəsindən növbəti dəfə məharətlə gələ bilib. Bunu tamaşaçı alqışları da bir daha təsdiq edir. Pyesdəki Ədalət obrazı ölkədəki vəziyyətin həddindən artıq təhlükəli olduğunu, böyük xilaskarın siyasi gəlişinin tarixi zərurətə çevrilməsi ideyasını tamaşaçıya çatdıran, Heydər Əliyevi dəstəkləyən xalqın nümayəndəsidir. Ali Sovet aparatında şöbə müdiri işləyən Ədalət müəllif ideyalarının daşıyıcısı olmaqla, adından da göründüyü kimi, haqqın, ədalətin rəmzidir. Ədalətin “Xaricə işləməyə gedəndə də Onun (Heydər Əliyevin – M.S.) xeyir-duası ilə getdim, qayıdanda da Onun xeyir-duası ilə vəzifəyə təyin olundum”, “Mən də jurnalistəm” ifadələri əminliklə deməyə əsas verir ki, bu obrazın prototipi elə müəllifin özü – 1972-1975-ci illərdə Türkiyədə işləyən, 1991-cı il mart ayının 1-də Milli Məclisdə  yaradılan mətbuat xidmətinin ilk rəhbəri olan, Ulu Öndərin rəhbərliyi ilə uzun müddət sədaqətlə jurnalistlik fəaliyyəti göstərən Aqşin Babayevdir. Aydın siyasi mövqeyə, sağlam və dəyişməz əqidəyə malik, gələcəyi düzgün proqnozlaşdıra bılən və Ali Sovet sədri başda olmaqla əks cəbhədə dayanan qüvvələrlə fəal mübarizə aparan bu obrazı aktyor Nəsimi Məmmədzadə uğurla yaratmışdır. Tamaşadakı siyasi qütbləşmənin dolğun təqdimatını uğurlu rejissor işi hesab etmək olar. Bir qütbdə Heydər Əliyevi lider seçən xalq dayanır. Ədalətin təbirincə desək, “Xalq alaqaranlıqda evindən çıxıb bir parça çörək qazanmaq üçün metroda, avtobusda,  trolleybusda əzilənlər,  gecəsini-gündüzünə qatanlar,  ailəsinin yanında başı aşağı olanlardır,  bir də… Bax burada,  böyrümüzdə, Şəhidlər xiyabanında yatanlardır xalq. 20 Yanvar qurbanlarıdır, şəhidlərdir xalq”. Digər bir qütbdə isə Ali Sovetin sədri və onun tərəfdarları durur. Xanım sədri – zamanın diktəsini, müstəqillik əldə etmək fürsətini dəyərləndirə bıiməyəcək qədər köhnəfikirli, keçmiş ideologiyanın sadiq qulu olan, tədirgin, istefa xoflu bu obrazı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Günay Qurbanova ustalıqla yaradıb.  Onun istefasından sonra hakimiyyəti təmsil edən Sədr əvəzi (Azərbaycan Respublikasının Əməkdar artisti Əli Əliyev) siyasi idaretmə, xalqa münasibət, əqidə baxımından  mahiyyət etibarilə heç də əvvəlki həmkarından geri qalmır.  Yuxulu Həşim obrazı Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanovun uğurlu ifasında böyük satirik Sabirin “Millət necə tarac olur-olsun!” deyən, çağdaş dövrümüzdə də milli biganəlik, etinasızlıq azarından xilas olmayan, qəflət yuxusundan ayıla bilməyən, yalnız şəxsi mənfəət üçün yaşayan tiplərini xatırladır. Milli satqınlıq və heysiyyətsizlik, riyakarlıq simvolu, şəxsi ambisiyalarını hər şeydən üstün tutan, hakimiyyət boyundurğunun mənfəət qulu olan, ələyəz yelinə bənzəyən, siyasi ab-havaya uyğun olaraq “diplomatik gedişlər” edən, dondan-dona girib olmayan əqidəsini 1 dəqiqədə satan, milli təfəkkürə malik, xalq üçün çarpışan ziyalılara qarşı kin və qisas hissi ilə alovlanan Saqqal Həmzə Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəblinın istedadlı ifa tərzi ilə keçəl həmzələrin müasir xələfi kimi tamaşaçıda nifrət hissi oyadır. Ulu Öndərin Ali Sovetdəki tarixi cəsarətli çıxışı, dahi siyasətçinin ölkənin siyasi reallıqqlarını bütünlükdə acı təfərrüatları və çıxış yolları ilə ortaya qoyması, bundan kəmiltifat olan “xalq elçıləri”nin çıxışı baykot etməyə çalışmaları, haray-həşir salmaları təsirli səhnələrdəndir. Əminliklə deyə bilərəm ki, həmin səhnə onilliklər keçməsinə baxmayaraq mənim kimi o illərin canlı şahidləri olan tamaşaçılarda eyni kin, qəzəb hisləri yaşadır ki, tamaşanın əsl səhnə uğuru da məhz budur. Əsərdə adı konkretləşdirilməyən, lakin xalqa yaxşı bəlli olan obrazlardan Xalq şairi Bəxtiyar Vahabzadənin sessiyadakı alovlu çıxışı – vətənpərvər ziyalı mövqeli, tarixi gerçəklikləri obyektiv qiymətləndirməsi Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevin uğurlu ifası ilə böyük rəğbət hissi doğurur. Xalq artisti Həsən Ağasoy istedadlı ifa tərzi ilə yazıçı Bayram Bayramovun sessiyadakı qərəzli, riyakar, o zaman xalq tərəfindən böyük etirazla qarşılanan çıxışı ilə tarixi keşməkeşli dövrü tamaşaçıya bir daha xatırladır.  Tamaşada kimyaçı deputat (Ədalət Rəhimli - kimya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 1990-cı ildə Azərbaycan SSR-nin Ali Sovet deputatı seçilib  – M.S.) obrazı da aktyor Cəbrayıl Nəbiyevin təqdimatında Azərbaycan Respublikasının müstəqilliyi naminə fəal mübarizə aparan bir obraz kimi tamaşaçıya uğurla təqdim olunur. Tamaşada rol alan aktyorlardan Zakir Fətəliyev (Filosof deputat), Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev (Mühəndis deputat) obrazları da əsərin siyasi ideyasının dolğun çatdırılmasına uğurla xidmət edir.

Milli müstəqillik hərəkatını təsvir edən kütləvi səhnələr – qarşıdurma, hakimiyyətdəki anarxiya və xaosa qarşı xalqın qəzəbi müəllif və rejissor qayəsini ustalıqla tamaşaçıya çatdırır. Məşum Gəncə hadisələri, Heydər Əliyevin Gəncəyə getməsi, bu hadisəyə ziddiyətli münasibət tamaşanın kulminasiya nöqtəsidir. Bu epizod vətəndaş qarşıdurmasının qarşısını alan Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizi əbədiləşdirən xilaskar obrazını sənətin ecazkar qüdrətilə bir daha yaddaşlara həkk edir. Quruluşçu rəssam, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun Azərbaycanın dünyaya günəş kimi doğacağı, bu günəşin zərrin şəfəqlərinin isə Böyük Vətən Oğlunun  dühasından  nur alacağı ideyasını təcəssüm etdirən plakatı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovun musiqi tərtibatı tamaşanın ideya dərkinə uğurla xidmət edir.  Tamaşanın ən böyük uğuru, siyasi-tərbiyəvi əhəmiyyəti ondadır ki,  tariximizin təlatümlü anları, ölkəni uçuruma aparan siyasətbazların iç üzü, xəyanətkar xislətləri təkrar göz önündə canlanır. İlk səhnədə milli uçuruma yuvarlanmaqda olan, əsarət və istibdada qarşı etiraz dalğası ilə coşan, nicat yolunu, məram və məqsədini aydın müəyyənləşdirən xalq istiqlal uğrunda şərəfli və keşməkeşli mübarizə yolunda yeganə xilaskarı, dahi şəxsiyyət ətrafında sıx birləşərək qələbə qazanır. Ulu Öndərin “Biz düz yolla, haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Biz istəyirik ki, Azərbaycanda haqq-ədalət olsun, Azərbaycan müstəqil yaşaya bilsin, xalqımız milli azadlığını həmişə qoruyub saxlaya bilsin”  arzuları gerçəkləşir.  Finalda Prezident cənab İlham Əliyevin “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” cümləsi ilə başalayan çıxışının fonoqramla səsləndirilməsi Heydər Əliyev ideyalarının bugünkü təntənəsi, bu ideyalara iyirmi illik dönməz sədaqətin, layiqli siyasi varisliyin qələbəsi kimi qürur və iftixar doğurur. Bir daha aydın dərk olunur ki, Heydər Əliyev dühasının böyüklüyü ondadır ki, təkcə sağlığında deyil, tarix boyu, əbədiyyən bir xalqın xilaskarına çevrilməyi bacarıb.

Mehriban SULTAN,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti,
filologiya üzrə fəlsəfə doktoru