“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçiriləcək.
Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, “Creative Talks” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.
Layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin noyabr – dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək. Tədbirlər seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlərdən ibarət olacaq.
“Yaradıcı Həftə” çərçivəsində müzakirələr Bakıda Yarat Müasir İncəsənət Məkanında (27-28 noyabr), Sumqayıtda isə Heydər Əliyev Mərkəzində (29-30 noyabr) təşkil ediləcək.
Qeydiyyat üçün talks.creative.az səhifəsinə keçid etmək mümkündür.