35 il əvvəl Heydər Əliyev Sarayının səhnəsində bəstəkar Mikayıl Vəkilovun Malik Fərruxun sözlərinə bəslədiyi “Azərbaycanım” mahnısı səsləndi və dərhal hitə çevrilib. Çox keçməyib ki, mahnı onillikləri aşıb sonrakı nəsillərin də rəğbətini qazanıb və himnə çevrilib.
“İki sahil” xəbər verir ki, 35 il sonra “Bakı payızı-2023” müsabiqəsinin təşkilatçıları bu mahnıya klip çəkiblər. Bu ideyanı təkcə hazırkı müsabiqənin bütün iştirakçıları deyil, həmçinin “Bakı payızı – 1988” müsabiqəsinin qalibləri dəstəkləyib. Qeyd edək ki, klipdə bəstəkar Mikayıl Vəkilov özü də həmin əsəri ilk dəfə olaraq fortepianoda ifa edərək, vokalçılara müşayiət edir.
Klip oktyabrın 31-də, məhz bəstəkarın doğum günü üçün hazırlanaraq ona hədiyyə edilib. Bu, həm də Heydər Əliyev Sarayında keçiriləcək Qala-konsert ərəfəsində baş verib.
Xatırladaq ki, noyabr ayının 3-də, saat 19:00-da Heydər Əliyev Sarayında «Bakı Payızı-2023» Qala-konserti keçiriləcək. izləyicilər müasir işıq, səs effektləri və 3D görüntüləri ilə müşayiət olunan musiqi sədaları altında köhnə Bakının dar küçələrini dolaşıb, Misirin möhtəşəm ehramlarını ziyarət edəcək, sonra müasir Amerikanın, italiyanın və digər ölkələrin şəhərlərini gəzib, doğma Xəzərin sahillərinə qayıdacaq.
Konsertdə 16 yeni müəllif mahnısı təqddim ediləcək, o cümlədən Mikayıl Vəkilovun yeni bəstələri ilk dəfə səslənəcək.
Yeni ulduzlar səhnəyə Azərbaycanın populyar meqa-starları ilə birgə çıxaraq duetlə oxuyacaq.
Qeyd edək ki, layihə Nizami boutique house şirkətinin Baş sponsorluğu, “Best Cast Talent Agency” və “Golden Arts entertainment”, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.