Azərbaycan Ordusu müstəqilliyimizə, suverenliyimizə qarşı hər bir qəsdin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq!
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirərək düşmən üzərində tarixi qələbələr qazandı. Özü də elə bir şücaət və qətiyyətlə ki, düşmən yatsa, heç yuxusuna da girməzdi... Dünyanın ən güclü orduları sırasında yer alan ordumuzun döyüş taktikası dünya hərb tarixində yenilik hesab edilir. Bir çox Qərb dövlətlərinin orduları, eləcə də ABŞ Hərbi Akademiyası və Pentaqon, Azərbaycan Ordusunun hərbi taktikasının öyrənilməsinin zəruri olduğunu qeyd ediblər.
Azərbaycan Ordusu gücünü, rəşadətini və qətiyyətini bir neçə dəfə düşmənə göstərmişdi. 2016-cı ilin Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Ondan iki il sonra Naxçıvanda “Günnüt əməliyyatı” keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərdi. Ermənilər bu dərslərdən heç nə qanmadılar, müxtəlif təxribatlar törətdilər, səbr kasamazı daşırmaq üçün dəridən-qabıqdan çıxdılar, hər cür meymunluğa əl atdılar... Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatından sonra İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Sentyabrın 27-də başlayan müharibə 44 gündən sonra noyabrın 10-da Ermənistan üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış etdi. Əgər Ermənistan bu təşəbbüslərə qoşularsa, inkişaf edə bilər, əks halda bu ölkənin heç bir perspektivi yoxdur. Ermənistan revanşist əməllərə əl atmağa cəhd göstərərsə, bilməlidir ki, "dəmir yumruq" yerindədir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur edildi. Cəmi bir sutka ərzində ağ bayraq qaldırıldı. Antiterror tədbirləri çox peşəkarlıqla aparıldı və yalnız legitim hərbi hədəflər məhv edildi. Bu tədbir zamanı mülki əhali və obyektlər heç bir zərər görmədi. Bu, bir daha dövlətimizin humanizm siyasətinə sədaqətindən xəbər verən amillərdəndir.
Azərbaycan əsgəri bir daha gücünü göstərdi, əgər tələblərimiz yerinə yetirilməsə, yenə təxribatçı əməllərinə davam etsələr yenidən “dəmir yumruq”la qarşılaşacaqlar və qətiyyətlə məhv ediləcəklər. Nəticə etibarilə bütün dünya Azərbaycan Ordusunun imkan və potensialının nə qədər yüksək olduğunu bir daha gördü. Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi.
Şanlı qələbələrimiz ordu quruculuğu sahəsində görülən işlərin aydın mənzərəsini yaradır. Ötən 20 ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri, ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm keçirilən təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, ordu quruculuğunun müasir və sistemli formatda inkişafı üçün davamlı və zəruri tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının postmünaqişə dövrünün əsas hədəfləri sırasında ordumuzun gücləndirilməsi prioritet məsələdir. Bu gün ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Vahid proqram əsasında inkişaf edən, hərbi qüdrətini gündən-günə möhkəmləndirən Silahlı Qüvvələrimizin fəaliyyəti möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti ilə səciyyələnir. Son vaxtlar aparılan islahatlar fonunda Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırılması, Komando qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində atılmış ən önəmli addımlardandır. Ölkəmizin hərb tarixində bu mühüm yeniliklər Prezident İlham Əliyevin Azərbaycan Ordusunun peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət göstərməsinin bariz nümunəsidir. Bu il hərbi potensialın gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət büdcəsindən 1,1 milyard manatın ayrılması bunu bir daha təsdiq edir.
İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmələrini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir. Azərbaycanda ordu quruculuğu prosesi davam edir və Silahlı Qüvvələrimiz müasirləşdirilir. Daha çox qardaş Türkiyə modelinə uyğunlaşdırılan ordumuz müasir silahlarla təchiz olunur, komplektləşdirilir. Bütövlükdə, iki qardaş ölkənin hərbi əməkdaşlığı isə yüksək səviyyədədir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ordumuzun mövcud potensialının daha da artırılmasında xüsusi rol oynayır.
Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, biz şahidi olduq ki, indiki Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad edərək tarixi Qələbə qazanmış müzəffər ordumuzdan qat-qat güclüdür. Ordumuzun maddi-texniki təchizatı istiqamətində də çox təsirli addımların atılması müsbət nəticələrini bu ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli 24 saatlıq antiterror tədbirlərində bir daha göstərdi.
Azərbaycan xalqı tam əmindir ki, rəşadətli Silahlı Qüvvələrimiz isə bundan sonra da qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdə davam edəcək. Allah ordumuzu qorusun!
Yaqut Ağaşahqızı, “İki sahil”