Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi davam etdiriləcək.
“İki sahil” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin məlumatında əksini tapıb.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb: “Lakin, xarici havadarların dəstəyinə arxalanan Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur. Büdcə xərclərinin funksional təsnifatına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri dövrün sonunadək büdcə xərclərində əhəmiyyətli paya malik olacaq”.