Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi “bağlanıb”.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq