15 oktyabr 2023 12:16
410

Vətən müharibəsinin xronikası: 15 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

“İki sahil”  44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 19-cu günü

• Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

• Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

• Ermənistan silahlı qüvvələri Tərtər şəhər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutub. Bu xain hücum zamanı üç nəfər həlak olub, beş nəfər xəsarət alıb. Beləliklə, düşmənin mülki əhalini atəşə tutması nəticəsində həlak olanların sayı 46-ya, xəsarət alanların sayı 223-ə çatıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında düşmən ordusunun Tərtər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən atəşə tutması ilə bağlı paylaşım edərək dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb, həlak olanların ailələrinə və doğmalarına başsağlığı verib. 

• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksini, 4 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd “D-1” haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub.

• Döyüşlərdə yüksək şücaət göstərən Ordumuzun hər bir əsgəri ona verilən tapşırığı böyük qürurla və layiqincə icra edir, döyüş meydanında üçrəngli bayrağımızı şərəflə zirvədən-zirvəyə daşıyırlar - AZƏRTAC-ın fotoları.

• Ermənistanın müharibə cinayətləri davam edir. AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Tərtər rayonunun Düyərli kənd orta məktəbində, Tərtər qəbiristanlığında, Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində çəkilişlər aparıblar.