14 oktyabr 2023 17:44
425

Elçin Xəlilov: Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb

“Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsi və sonrakı uğurlu əməliyyatlar onu göstərir ki, Azərbaycan Ordusunda şəxsi heyətin kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”.

“İki sahil” xəbər verir ki, bunu Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.

O vurğulayıb ki, nəticədə bütün əməliyyatlar zamanı uğur əldə edilib: “Bu da təyinatların qanunauyğun şəkildə aparıldığının göstəricisidir. Bütün bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olmasının qazanılan qələbələrə mühüm töhfə olduğunu xüsusilə qeyd etmək lazımdır. Bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində görülən sistemli işlərin və bu işlərə məsul şəxslərin öz xidmətlərinə məsuliyyətlə yanaşmasının, eləcə də onların peşəkarlığının nəticəsidir”.

General-mayor Elçin Xəlilov əlavə edib ki, kadr planlaşdırmasında, bir qayda olaraq, keyfiyyət və kəmiyyət metodları tətbiq olunur: “Azərbaycan Ordusunda kadrlara olan keyfiyyət göstəriciləri üzrə tələbat rütbə kateqoriyaları, hərbi uçot ixtisasları üzrə personala qoyulan tələblər nəzərə alınmaqla təşkilati-ştat strukturu əsasında müəyyən olunur. Keyfiyyət baxımından planlaşdırılma zamanı ekspert qiymətləndirmə, qrup şəklində qiymətləndirmə, modelləşdirmə metodlarının tətbiqi imkanları mövcuddur”.

“Kadrlara olan tələbatın kəmiyyət göstəricisi (tələb olunan kadrların sayı) mövcud dövrdə olan ştat sayı ilə faktiki komplektləşmə sayının müqayisəsi əsasında müəyyən edilir. Kəmiyyət planlaşdırılmasında (saya görə planlaşdırma) isə əsasən balans metodundan istifadə edilir. Balans metodu təşkilatın malik olduğu və planlaşdırma dövründə tələbatın qarşılıqlı uzlaşdırılmasına əsaslanır. Bu zaman plan mövcud resurslar (resurs mənbələri) və həmin resursların paylanmasının əks olunduğu ikitərəfli cədvəl şəklində qurulur. Bu metod Azərbaycan Ordusunda xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarının vəzifələrə təyinatı, zabit heyətinin rotasiyası, həmçinin kadr ehtiyatından istifadə (səfərbərlik planı) zamanı müvəffəqiyyətlə tətbiq oluna bilər”, - o vurğulayıb.