05 oktyabr 2023 13:37
626

Bəs, Makron deyirdi müstəmləkəçilik bəşəriyyətə qarşı cinayətdir? VİDEO

Bakı Təşəbbüs Qrupunun üzvü Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıb

Bakı Təşəbbüs Qrupunun idarə heyətinin Fransız Polineziyasından olan üzvü xanım Ella Tokoraqi BMT-nin 4-cü Komitəsinin iclasındakı çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid edib.

“İki sahil” xəbər verir ki,   o, doğma xalqı ilə həmrəylik nümayiş etdirərək Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə Qoşulmama Hərəkatına minnətdarlığını bildirib.

Doğma xalqının Fransız neokolonializmindən azad olması üçün mübarizəni davam etdirdiyini vurğulayan E.Tokoraqi deyib: “Biz Fransanı ölkəmin gələcəyi üçün ədalətli dialoq aparılması ilə bağlı məsuliyyəti dərk edərək öz mövqeyini açıqlamağa çağırırıq. Biz Fransa hökumətindən bütün təbii resurslarımız, o cümlədən eksklüziv iqtisadi zonamızla bağlı olan dəniz resurslarımız üzərində tam suverenliyimizi tələb edirik. Fransa həyata keçirdiyi 193 nüvə sınağının insanların sağlamlığına və sosial sahəyə vurduğu zərərlərlə bağlı hələ də dolğun və aydın araşdırma aparmayıb. Bəs, Emmanuel Makronun Fransada prezident seçkiləri qabağı qeyd etdiyi kimi, müstəmləkəçilik bəşəriyyətə qarşı cinayət deyilmi? Bəli, müstəmləkəçilik bəşəriyyətə qarşı cinayətdir”.

Fransa hökumətinin Fransız Polineziyası xalqına qarşı ədalətsizliyinə və bu ölkəyə vurduğu ziyana görə məsuliyyət daşımalı olduğunu qeyd edən E.Tokoraqi qeyd edib: “Fransa xüsusilə də beynəlxalq hüquqa uyğun olaraq, dünya ictimaiyyətə rəsmi şəkildə bəyan etməlidir ki, o, bizim resurslarımızı idarə etməyi dərhal dayandırır. Kolonializmə və ya neokolonializmə son qoyulması yeni minillikdə formalaşdırmaq istədiyimiz beynəlxalq münasibətlərin mərkəzində dayanmalıdır”.

Məlumat üçün bildirək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ 22 Sentyabr 2023-cü ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirmişdir. Konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olmuşdur. Tədbirdə Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak etmişdir. Müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.