Dünya şöhrətli italyan müğənni Eros Ramazzotti artıq Bakıdadır. ANS PRESS-in məlumatına görə, ifaçı sosial şəbəkədə paytaxtımızın görüntüsünü paylaşıb. İfaçı şəhərin otellərinin birində qalır.
"İtaliyalı müğənni Bakının görüntüsünün möhtəşəm olduğunu deyib".
Ramazzotti paytaxtın görüntüsünü paylaşaraq "Sabahın xeyir, Bakı" şərhini yazıb. İtaliyalı müğənni Bakının görüntüsünün möhtəşəm olduğunu deyib. Bir müddət əvvəl aprelin 27-də paytaxtımızda ilk dəfə konsert proqramı ilə çıxış edəcək Eros Ramazzotti bakılı pərəstişkarlarına salam göndərib. İfaçı bütün onu sevənləri möhtəşəm konsert gecəsində gözlədiyini bildirib. Dünya turu çərçivəsində ilk dəfə Bakıda konsert verəcək məşhur müğənni izləyicilərə gözəl musiqi və şou təqdim etməklə yanaşı, özü də Bakı və onun sakinləri ilə yaxından tanış olmaq arzusundadır.
1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazzotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın "Debütantlar" nominasiyasında qalib olan müğənni bir müddət sonra dünyanın ən məşhur ifaçılarından birinə çevrilib. Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazzotti 30 ildən artıq müddətdə İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Musiqi albomları dünyada milyonlarla tirajda satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü "Perfetto" adlı musiqi albomu 38 ölkədə "ən yaxşı 20-lər" sırasına daxil olub.