Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.