27 sentyabr 2023 11:07
324

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

“İki sahil” xəbər verir ki,  Səhiyyə Nazirliyindən verilən məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür.