23 sentyabr 2023 12:42
323

Albert Aqarunovun vurduğu erməni tankı demontaj olunub və Bakıya gətirilib

1992-ci ildə Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilib.

“İki sahil” STEGMI saytına istinadla xəbər verir ki, bu, işğalçı qüvvələrin Şuşa şəhərinə hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub.

Həmin 442 nömrəli tankı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov vurub.

Birinci Qarabağ müharibəsindən sonra Şuşaya doğru irəliləyən bu yanmış tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulub.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov bildirib ki, onun ailəsi bu xəbərə çox sevinib.

Rantik Aqarunov qeyd edib: “Dünən bir dostum mənə tankın fotosunu göstərdi. O dedi ki, bu tank demontaj ediləcək, Bakıya gətirilərək Hərbi Qənimətlər Parkına yerləşdiriləcək. Bundan da şad xəbər ola bilərmi? Ədalət zəfər çalıb.

Ötən il Şuşada olanda, mən həmin tankı uzaqdan gördüm. Amma yaxından, əlbəttə, mümkün deyildi. Albert Şuşaya girən ilk erməni tankını vurub və əsgərlərimiz mənə onun yerini göstərdilər. İndi gələcəyəm və Qənimətlər Parkına qoyulandan sonra bu tanka yaxından baxacağam”.