22 sentyabr 2023 22:41
485

MAARİF VƏ MƏDƏNİYYƏT TƏƏSSÜBKEŞİ

HƏSƏN SƏFƏRLİ-125

Hər bir xalqın milli mədəniyyəti tarixində nadir simalara təsadüf olunur ki, onların vasitəsi ilə həmin xalqın varlığı, mənəvi həyatı və milli şöhrəti qol-qanad açır, yüksəliş dövrünə qədəm qoyur. Belə insanlardan biri də Azərbaycan teatrının 150, Naxçıvan teatrının 140-cı ilində, anadan olmasının 125-ci ildönümündə yad edilən həmyerlimiz, maarif və mədəniyyət təəssübkeşi Həsən Səfərlidir. 

Həsən Səfər oğlu Səfərli 1898-ci il aprel ayının 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər ibtidai məktəbini bitirdikdə sonra təhsilini İrəvan Müəllimlər Seminariyasında davam etdirir. Seminariyanın dram dərnəyinin fəal üzvlərindən olmaqla, İrəvan şəhərinin teatr truppasında epizodik rollarda oynayır. Həsən Səfərli gənclik illərindən Naxçıvan ziyalıları ilə birlikdən teatrı ideya, məzmun, üslub və həm də təşkilatca möhkəmləndirməyə çalışmış, teatr həvəskarlarını müxtəlif cəmiyyətlərdə birləşdirməklə teatrın professionallığını artırmaq üçün böyük səy göstərmişdir. Həsən Səfərli 1917-ci ildə İrəvan Müəllimlər Seminariyasınını bitirib doğma şəhərinə qayıdaraq pedaqoji fəaliyyətə başlayır. O, Naxçıvanda müəllimlik etməklə yanaşı, teatr həvəskarlarının hazırladıqları tamaşalarda da fəal iştirak edir.

Gənc müəllim Həsən Səfərli Naxçıvanda Əliqulu Qəmküsarın rəhbərliyi və Rza Təhmasibin yaxından köməkliyi ilə 1917-ci ildə yaradılan “El güzgüsü” dram cəmiyyətində “Rüşdiyyə” məktəbinin müəllimləri ilə birlikdə fəal iştirak edir. “El güzgüsü” dram cəmiyyəti 1917-ci ilin iyun ayının axırlarında “Ölülər” pyesini tamaşaya qoyur. Tamaşada Əliqulu Qəmküsar – Şeyx Nəsrulla, Rza Təhmasib –İsgəndər, Həsən Səfərli – Hacı Həsən rollarında çıxış edirlər. 

Həmin il Ə.Qəmküsarın rejissorluğu ilə M.F.Axundzadənin “Molla İbrahim Xəlil kimyagər”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” əsərləri tamaşaya qoyulur. M.F.Axundovun “Molla İbrahim Xəlil kimyagər”ində Molla İbrahim Xəlil, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”ında Fərhad, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”ində Fəxrəddin rollarında da Həsən Səfərli oynayır.

1918-ci ildə Naxçıvanda yaradılan “İmdad” dram cəmiyyəti üzvləri mart ayının 26-da C.Məmmədquluzadənin “Ölülər” əsərini yenidən tamaşaya qoyurlar. “İmdad” dram cəmiyyətinin fəaliyyəti xürafat nümayəndələrinin xoşuna gəlmədiyindən bu cəmiyyətə qarşı hər cür təyziq və təqiblərini dаvаm еtdirirlər, “İmdad”ın əşyası saxlanılan otağın qapısını açaraq teatra aid bütün əşyalara od vurub yandırır, stolun üstünə isə hədələyici məktub qoyurlar.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqil dövlət elan edilməsi Naxçıvan diyarı əhalisində müəyyən ümidlər yaratdı. Lakin bu ümidlər özünü doğrultmadı. Naxçıvan bölgəsinin əhalisi dəfələrlə bu respublikaya birləşməyə hazır olduğunu bildirsələr də, yaranmış siyasi və beynəlxalq vəziyyət bu işlərin həyata keçməsinə imkan vermədi. Naxçıvanlılar mislisiz çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək milli ləyaqəti uca tutdular, diz çökmədilər, erməni silahlı quldur dəstələrinə layiqli cavab verdilər.

1919-cu ildə ingilis imperialistlərinin köməyi ilə hökumət başına keçən daşnaklar xalqın iqtisadi həyatını pozduqları kimi, mədəni-maarif işlərini də bərbad hala saldılar. “İmdad” cəmiyyətinin çıxışları daşnakları, xürafat nümayəndələrini narahat etdiyindən bu cəmiyyəti dağıtmaqla, tamaşaların göstərilməsinə mane olmağa başladılar. Naxçıvanda teatr binası daşnak quldurları tərəfindən tövləyə çevrilmişdi. Vəziyyət olduqca gərginləşir, teatrın fəaliyyəti zəifləyirdi. Yerli həvəskar aktyorlar il ərzində yalnız bir-iki tamaşanı müxtəlif məkanlarda göstərə bilirdilər. Bu tamaşalar Rəşid bəy Əfəndiyevin “Qonşu-qonşu olsa, kor qızı ərə gedər” və Mirmahmud Kazımovskinin “Molla Cəbi” əsərlərindən ibarət idi. Həmin tamaşalarda Mirzə Ələkbər Sabirin, Əliqulu Qəmküsarın, Əli Nəzminin də şeirlərindən parçaları həvəskar aktyorlar ifa edirdilər.

Bu cür məhrumiyyətlərə baxmayaraq teatr həvəskarları yerli ziyalıların köməkliyi ilə 1919-cu ildə “Ümid” adlı yeni bir dram cəmiyyəti də təşkil etdilər. Bu cəmiyyət Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını və Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını göstərir. Həsən Səfərli Ü.Hacıbəylinin “Arşın mal alan” operettasında Süleyman, M.F.Axundzadənin “Hacı Qara” komediyasında Heydər bəy rollarında çıxış edir.

1921-ci ilin axırlarında Naxçıvanın fövqəladə komissarı Bahadır Vəlibəyovun təşəbbüsü ilə həvəskar qadın aktyorları tərəfindən göstərilən “Arşın mal alan” musiqili komediyası Həsən Səfərlinin rejissorluğu, Əliqulu ağa Sultanovun suflyorluğu ilə tamaşaya qoyularaq naxçıvanlı qadınlara göstərilir. Tamaşada Süsən Sultanova-Soltan bəy, Dilbər Sultanova-Gülçöhrə, Gövhər Kəngərli – Xala, Günəş Kəngərli – Əsgər, Tovuz Nəcəfova – Süleyman, Xavər xanım (B.Vəlibəyovun həyat yoldaşı) – Asya, Xanım Əliyeva – Vəli və Qəmər Nəcəfova (Əliqulu Qəmküsarın qızı) – Telli rolunda oynamışdılar. Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadə (Nəcəfova) sonralar yazırdı: “Yadımdadır ki, Naxçıvanda olduğum bir neçə ay müddətində qız məktəbində tamaşaya hazırlanan “Arşın mal alan” musiqili komediyasında Telli rolunu mənə tapşırdılar. Burada iştirak edən qızların içərisində Soltan bəy və Asya rollarını oynayan Dilbər və Süsən Sultanova bacıları ilə indi də görüşüb o illəri xatırlayırıq”. “Arşın mal alan” musiqili komedyasının Naxçıvanda tamaşaya qoyulması o zaman qadın azadlığı və çadraya qarşı mübarizədə, qadınların maarif və mədəniyyətə cəlb edilməsində mühüm rol oynamışdı. 

Naxçıvan teatrı 1920-ci ildə fəaliyyətə başlayanda peşəkar rejissorları yox idi. İlk illərdə yerli aktyorlardan Həsən Səfərli, İsa Musayev və Səməd Mövləvi tamaşalara rejissorluq edirdilər. 1921-1922-ci illərdə Naxçıvan teatrında Həsən Səfərlinin quruluşuna N.Qoqolun “Evlənmə”, S.S.Axundovun “Laçın yuvası”, Ü.Hacıbəylinin “Məşədi İbad”, “Leyli və Məcnun”, “Şah Abbas və Xurşidbanu”, Z.Hacıbəyovun “Aşıq Qərib”   əsərləri tamaşaya qoyulur.

Naxçıvan Xalq Maarif Komissarlığının hazırladığı “Naxçıvan milli teatrın qanun layihəsi” Naxçıvan Xalq Komissarları Sovetinin 21 yanvar 1922-ci il tarıxli qərarı ilə təsdiq edilir. Xalq Maarif Komissarlığının 8 fevral 1922-ci il tarixli 28 №-li əmri ilə Naxçıvan ölkəsində bütün teatr işlərini idarə etmək üçün sənaye nəfsə (incəsənət) şöbəsi yaradılır. Həmin şöbəyə Həsən Səfərov – sədr, Həmid Mahmudov və Əli Xəlilov üzv təyin olunurlar. Naxçıvan Xalq Maarif Komissarlığı teatrın maddi cəhətdən təmin edilməsi və truppa saxlanılması üçün lazımi vəsait buraxır.

1922-ci il mart ayının 24-də Naxçıvan Gənclər İttifaqı həvəskar aktyorlarının iştirakı ilə Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının tamaşası Həsən Səfərlinin rejissorluğu ilə göstərilir.

1922-ci ilin fevral ayında Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Şurasının qərarı mövcibində (əsasında) Naxçıvan teatrına Naxçıvan Türk Dram Teatrı adı verilir. Naxçıvan Maarif Komissarlığına bu teatrı müntəzəm şəklə salmaq və dekorasiya gətirmək üçün lazımi vəsait ayrılır. 1923-cü ildə Xalq Maarif Komissarlığının təşəbbüsü ilə teatrın binası əsaslı təmir olunur. Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 18 oktyabr tarixli 24 saylı qərarı ilə teatr Naxçıvan Dövlət Teatrı adlandırılır. M.F.Axundzadənin “Hacı Qara” komediyası Həsən Səfərlinin quruluşunda tamaşaya qoyulur.

Naxçıvan teatrında uzun illər aktyorluq edən, sonralar müəllim işləyən Abbas Namazov 1986-cı ilin 30 sentyabrında Naxçıvan teatrının 100 illiyi ərəfəsində yazdığı xatirəsində Həsən Səfərlini də xatırlayaraq yazırdı: “Sənətə güclü həvəsimiz olduğu üçün Əyyub Abbasov, Əyyub Haqverdiyev və Nəcəf Tağızadə ilə birlikdə Böyük bağın içindəki fəhlə-kəndli kulubuna getdik və teatrın müdiri Əli Xəlilova müraciət etdik ki, tamaşalarda iştirak etməyə bizə icazə versın. O, bizi səmimi qəbul etdi. Məşqlərə başladıq. Məşqlər axşamlar aparılırdı. Teatrın rejissoru Həsən Səfərli idi. O, elə adam idi ki, təbiətində və hərəkətlərində aktyorluq əlamətləri özünü qabarıq şəkildə göstərirdi. Hətta bu əlamətlər onda müəllim kimi sinfə girib dərs deyəndə də özünü biruzə verirdi. Həsən Səfərli tez-tez texnikum tələbələrinin konsertini də təşkil edir və bu konsertlərdə xora geniş yer verirdi. O, xorda çoxsəsliliyə xüsusi diqqət yetirərdi... Rejissor kimi H.Səfərlinin səciyyəvi keyfiyyətlərindən biri bu idi ki, o, aktyorlara öz rollarına aid geniş məlumat verər və onlara tapşırırdı ki, hər biri ifa edəcəyi rolun həyatdakı tipini tapsın, onu diqqətlə öyrənsin, rol üzərində işləyərkən öyrəndiklərini nəzərə alsın. Əvvəllər teatrda bizə xırda rollar verdilər. Get-gedə təcrübəmiz artdı, böyük rolları da ifa etmətə başladıq”.

Müxtəlif vavtlarda teatrda quruluşçu və baş rejissor kimi çalışan Həsən Səfərlinin o dövrün görkəmli ədiblərinin əsərlərinə verdiyi quruluşlar diqqəti cəlb edirdi.

Həsən Səfərli Naxçıvan teatrında özünün və digər müxtəlif rejissorların quruluş verdiyi tamaşalarda müxtəlif vaxtlarda “Müsyö Jordan və dərviş Məstəli şah”da Müsyö Jordan, “Lənkəran xanının vəziri”ndə Vəzir, Mirzə Həbib, “Molla İbrahim Xəlil kimyagər”də Molla İbrahim Xəlil, “Xırs quldurbasan”da Tarverdi (M.F.Axundzadə), “Dağılan tifaq”da Nəcəf bəy, Məşədi Cəfər, “Bəxtsiz cavan”da Musa bəy, Fərhad, “Pəri cadu”da Qurban və Əmrah (Ə.Haqverdiyev), “Müsibəti Fəxrəddin”də Fəxrəddin, “Hacı Qəmbər”də Cəbi (N.Vəzirov), “Ölülər”də Şeyx Əhməd, Hacı Həsən ağa (C.Məmmədquluzadə), “Dəmirçi Gəvə”də Birinci zabit (Ş.Sami), “Sevil”də Babakişi, Atakişi və Məmmədəli bəy, “Aydın”da Dövlət bəy, “Od gəlini”ndə Dönməz (C.Cabbarlı), “Şeyda”da Şeyda, “Şeyx Sənan”da Dərviş, Şeyx Sədra və Serqo (H.Cavid), “Hind ixtilaçıları”nda Yüzbaşı və polis (H.Fitrət), “Qaçaq Kərəm”də Qaçaq Kərəm (V.Mcedaşvili), “Arşın mal alan”da Süleyman və Soltan bəy, “Məşədi İbad”da Sərvər, Rza bəy, “Ər və arvad”da Mərcan bəy, “Əsli və Kərəm”də Sofi, Keşiş, “Leyli və Məcnun”da İbn Səlam (Ü.Hacıbəyov) və digər dram, faciə və komediya, operetta və musiqili əsərlərin tamaşalarında müxtəlif xarakterli rollarda oynayır.

Həsən Səfərli ömrü boyu pedaqoq kimi də fəaliyyət göstərib. Naxçıvanda “Rüşdiyyə”, “Məktəbi-xeyriyyə” məktəblərində, Naxçıvan Müəllimlər Seminariyasında, Pambıqçılıq Texnikumunda, İkiillik Müəllimlər İnstitutunda dərs deyib. Akademiklər – Məmmədcəfər Cəfərov, Həsən Abdullayev, Fərəməz Maqsudov, professor Məmmədhüseyn Təhmasib, şair İslam Səfərli, bəstəkar Nəriman Məmmədov, yazıçı Nağı Nağıyev, rəssamlardan Şamil Qazıyev, Əyyub Hüseynov onun şagird və tələbələri olmuşlar.

Həsən Səfərli 1960-cı ilin may ayının 18-də “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Maarif və mədəniyyət fədaisi Həsən Səfərli 1960-cı il iyun ayının 2-də Naxçıvan şəhərində vəfat edib. 

Əli Qəhrəmanov,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent