Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsindən sonra bir neçə dəfə Ermənistana öz gücünü göstərmək məcburiyyətində qaldı. Yəni, Ermənistanın və Qarabağdakı separatçıların təxribatlarına cavab olaraq qisas əməliyyatları keçirdi. Sentyabrın 20-də ordumuz Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, separatçı silahlı qüvvələrin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini də uğurla başa çatdırdı. Bununla da ordumuz düşmənə bir daha öz gücünü, qüdrətini göstərdi. Daha doğrusu, Silahlı Qüvvələrimiz nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu növbəti dəfə təsdiqlədi. Bununla da ordumuz tariximizə daha bir şanlı səhifə əlavə etdi.
Böyük Qayıdış Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu gün ölkəmiz özünün yüksək inkişaf mərhələsindədir: “Bu faktı beynəlxalq qurumlar, eləcə də dünyanın qüdrətli dövlətləri də etiraf edirlər. Şübhəsiz, güclü dövlətin əsas göstəricilərindən biri güclü ordudur. Bu baxımdan Azərbaycan güclü orduya malik ölkələrdən biridir. Hazırda Azərbaycan Ordusu istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi ordu olaraq qəbul edilir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. Lokal xarakterli antiterror tədbirlərinə gəldikdə isə... Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri xeyli vaxt idi ki, mövqelərimizi atəşə tutur, minalar basdırır, səngərlər qazır, yaxud da digər təxribatlar törədirdilər. Onların törətdikləri son terror hadisələri nəticəsində ölkəmizin mülki vətəndaşları və polislərimiz şəhid oldular. Bir sözlə, rəsmi Bakının səbrli davranışının, müharibədən sonrakı 3 il ərzində təmkin nümayiş etdirməsinin qarşılığında xunta rejimi həddini aşdı, başqa sözlə desək, sözün həqiqi mənasında qudurdu. Şübhəsiz, Azərbaycan onların bu özbaşınalıqları, qudurğanlıqları ilə barışa bilməzdi və barışmadı da... Nəticədə Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində bildirdiyi kimi, qısa zaman kəsiyində ordumuz ağır relyef şəraitində öz döyüş məharəti ilə Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsini tamamilə məhv etdi. Üstəlik, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini, qeyri-qanuni erməni silahlı dəstələrini silahı yerə qoymağa, döyüş mövqelərindən və hərbi postlardan çıxmağa və tam şəkildə tərksilah olmağa məcbur etdi. Nəticədə Qarabağdakı xunta rejimi ağ bayraq qaldırdı. Bununla da ordumuz imkan və potensialının nə qədər yüksək olduğunu bir daha dünyaya göstərdi”.
Müsahibimiz, həmçinin vurğuladı ki, ordumuz bu antiterror əməliyyatlarında həm də humanistlik nümayiş etdirdi: “Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də bu, açıq-aydın görünürdü. Hətta Qarabağdakı mülki ermənilərə separatçılardan uzaq dayanmaları ilə bağlı çağırışlar olundu. Üstəlik, seçilmiş legitim hədəfləri olan əraziyə mülki insanların gətirildiyi ehtimal olunanda zərərsizləşdirmə əməliyyatları təxirə salındı. Nəticədə heç bir mülki erməninin, əgər belə demək mümkünsə, burnu qanamadı. Azərbaycan Ordusu yalnız separatçıların başlarına od ələdi. Bununla da Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi və dünyaya bir daha ordu mədəniyyətini nümayiş etdirdi. Hətta mən deyərdim ki, Azərbaycan Ordusu bir gün içərisində uğurla yekunlaşdırdığı lokal antiterror tədbirləri ilə növbəti dəfə dünya hərb tarixinə salına bilinəcək hərbi əməliyyata imza atdı”.
Müsahibimizin fikrincə, əldə olunan nailiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunun, eləcə də dövlət başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların uğurlu məntiqi nəticəsi idi. Var olsun Azərbaycan Ordusu və onun “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir” deyən Ali Baş Komandanı İlham Əliyev! Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!”
Qvami Məhəbbətoğlu, “İki sahil”